SƏNƏT
“İncəsənətin Tanrıçaları” - Luiza Burjua Tarix : 25 İyun 2019, 10:25
Yazar :

 

Yetmiş illik sənət həyatında Luiza Burjua heykəltəraşlıq və təsviri incəsənətdə öz Tanrıça obrazını yonmuşdu. Yaratdığı yüzlərlə əsər fiziki yoxluğunda da bizim onu xatırlamamıza və heyrətlənməmizə səbəb olur. Hətta uzun ömrünü simvolizə etdiyi əsərlərində hər anının, hər həyəcanının və hər kədərinin şahidinə çevrilir.


 

 


Luiza Burjua 25 dekabr 1911-ci ildə  Parisdə, Burjuaların ailəsində dünyaya göz açmışdı. Ərinə itəatkar, övladlarına bağlı bir anaya və bunun əksi olan, xanımına sədaqətsiz bir ataya sahib idi. Birinci dünya müharibəsinə gedib, sonra geri dönən atası, Saide adında gənc bir xanımı ona müəllimə kimi gətirmişdi. Sonradan atasının o qadınla gizli münasibətinin olması rəssamın həyatı boyu onu tərk etməyəcək travmasına çevrildi. Belə ki, Saidenin onun uşaqlığındakı məchul rolu, ara-sıra ana obrazına bürünməsi, anasının bir qadın kimi təhqir olunması və onun da bunu səssiz-səmirsiz qəbul etməsi Luizada gizli bir qısqanclıq və nifrət yaradırdı. Ümumiyyətlə, ailəsindəki susqun travma onun uşaqlığına, gəncliyinə və xüsusən də yaradıcılığına təsir etdi. O, bu təsiri bir müsahibəsində də belə vurğulayırdı: "Əlli il ərzində yaratdığım əsərlərimin yaranmasını uşaqlığıma borcluyam”.



 

 

 

 

Burjua Sorbonn Universitetində riyaziyyat üzrə  təhsil almışdı. 1934-cu ildə isə incəsənətə meyillənmişdi. Bir dönəm Luvrda incəsənət tarixi və sonra bir çox önəmli  təhsil ocaqlarında sənətin sirlərini öyrənmişdi. Həmin vaxtlarda o,  Ferhand Leger, Andre Lhote kimi modern  rəssamlarla bir yerdə işləmiş, kubinizimin təməllərini yiyələnmişdi.

1932-cu ildə Luizanın anası vəfat edir. Bu dönəmdən etibarən onun yaradıcılığında ana fiquru önəmli yer almağa başlayır. 1938-ci də amerikalı Robert Golohater ilə ailə qurur. Robertin sənətşünas olması onun sürrüalistlər və dövrün bir çox önəmli şəxsləri ilə tanışlığına səbəb olur. Burjuanın yaradıcılığının bu mərhələsi bilincaltındakı travmaları və  basdırılmış erotik hisslərinin təsviri ilə onun sürrüalislərə yaxınlaşdığını göstərir.
 

 

 



 

 

      

 

Rəssam əsərlərində qorxu, ağrı, əsəb, təcavüzkarlıq kimi hissləri təcəssüm etməklə yanaşı, ev, bədən, bədən parçaları kimi metaforlara da müraciət edir. Onun yaradıcılığında qadın cinsəlliyi ironik bir pərdəyə bürünməklə bərabər həm də müəllifin uşaqlığından, atasının səbəb olduğu travmalarının  təsirindən,  zaman-zaman isə feminist tərəflərdən xəbər verir. Belə ki, Burjuanın "Atanın yox edilməsi” adlı əsərini də buna parlaq misaldır.
Bütövlükdə isə onun əsərləri avtobioqrafik səciyyəlidir.
 

 


 


 

Yaradıcılığının  ilk dönəmlərində  modernizm estetikasını mənimsəsə də, sonrakı dövrlərdə onun əsərlərində postmodernizm  elementləri görünür. Burjuanın sənətində soyut və  fiqurativlik, ayrı-ayrı obyektlərlə yanaşı  monumental memarlıq və heykəltaraşlıq da  görünməkdədir.

Rəssam  səthdən – yumşaqlıqdan, oyma - tökmə texnikası kimi müxtəlif üsullardan insan varlığının daxili dərinliklərini araşdırmaq üçün istifadə edir. Burjua öz əsərlərində  bu müxtəlif, bir-birinə əks olan qaydaları (qaydasızlığı) bütünləşdirir.  O, sənətini  həyatındakı çətinliklərdən xilas və yaşadığı travmaların müalicəsi yolu kimi görür və sanki, bilincaltının  dərinliklərinə enərək özünü tapmağa və varlığının kəşf etməyə çıxır.

Rəssam özü yaradıcılığını iki hissəyə bölür və fikirlərini belə ifadə edir: "Erkən dönəm  işlərim yıxılmaq  qorxusu ilə əlaqəlidir.

Sonrakı işlərim isə yıxılmaq sənəti haqqındadır”.

Burjua yaradıcılığının ən yadda qalan  əsəri  həyatının son on iki ilində  tamamlaya bildiyi  "Maman” (Hörümcək  forması) adlanır. Heykəlin hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm).Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən alıb. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaradıb.Heykəlin orijinalı poladdan hazırlanıb.

Burjua bu heykəllə anasının gücünə, ona verdiyi tərbiyəyə, toxuculuğuna, ipəyirmə sənətinə istinad edir. Luizanın anası Cozefina atasının Parisdə yerləşən xalça-bərpaçılıq emalatxanasında divar xalçalarının bərpaçısı idi. Anasının ölümündən bir neçə gün sonra Luiza düz atasının gözü qarşısında özünü Bevr çayına atmış, lakin atası üzərək onu xilas etmişdi.

"Hörümçək mənim  anam üçün odadır. O, mənim ən yaxşı dostum idi. Anam hörümçək kimi toxuyurdu.
Mənim ailəm xalça bərpaçılığı biznesi ilə məşğul olurdu və anam emalatxananın məsuliyyətini daşıyırdı.

O, hörümçək kimi ağıllı idi. Hörümçəklər ağcaqanadların məhvində yaxından iştirak edir. Biz bilirik ki, ağcaqanadlar xəstəlik daşıyıcısıdır və buna görə də arzu edilməyən canlılardır. Buna görə də hörümçəklər mənim anam kimi əhəmiyyətlidirlər”
Luizala Robert 1973-cu ilə - Robertin ölümünədək birgə yaşayırlar. Onların iki oğlu olur.
 

 

 



 


 

Burjua hələ sağlığında bir çox dəyərli mükafatları əldə etmişdi. 1987-ci ildə MOMA (New york) müzeyinin tarixində ilk fərdi sərgisi olmuş ilk qadın rəssam adını qazandı.  1993-cü ildə ABŞ-ı Venesiya Bienalisində təmsil etdi. 2009-cu ildə Easton fonduyla birlikdə 4.75 milyon dollara aldığı mülkdə öz muzeyini açdı.
 

Luiza Burjua 98 yasında, 31 Mart 2010–cu ildə dünyayla vidalaşdı. Geridə isə böyük bir Qadın, Tanrıça obrazı və onun minlərlə parçası (əsərləri ) qaldı.
 

 

 



 

 

Qadinkimi.com