QADIN / KİŞİ
Hormonlar tərbiyə olunmur - Sona Əli Tarix : 21 Yanvar 2020, 13:11
Yazar : Qadinkimi.com
Həmişə belə olub: "Çətini başlamaqdır”. Ən çətini başlamaqdır.
Başlanğıcda buraxdığımız səhvlər ən yaxşı halda sonumuz olur, ən pis halda isə gecikən fəlakətimiz. 
Səhvlərimdən Allaha sığınıram.

İnsan bioloji və sosial varlıqdır. Bir yaranış möcüzəsidir. Onun sosial varlıq olaraq ortaya çıxması, cəmiyyət üzvü olaraq formalaşması boyu bütün proseslər bioloji imkanları ilə hesbalaşma şəraitində baş verir. Bədənimizin 50-60%-ni təşkil edən suyun yaddaşı var. Təsəvvür edirsiniz, suyun yaddaşı var. Hər şey, lazım olan vaxt istifadə edə bildiyimiz, bilmədiyimiz, bəlkə də heç vaxt istifadə edə bilməyəcəyimiz informasiyalar belə yaddaşımızda toplanır. Və budur bizim tərbiyəmizin əsası. Biz yaddaşımızla tərbiyə olunuruq. Ana bətnində eşitdiyimiz, anladığımız, anlamadığımız səslərin bizə ötürdüyü pozitiv, neqativ məlumatlardan tutmuş, oxuduğumuz, gördüyümüz, hətta toxunduqlarımızın tərbiyə etdikləriyik. Bu qeyri-iradi baş verir. Bir də var, məqsədli şəkildə tərbiyə etmək və ya tərbiyə olunmaq.

Hər bir insanın ən gözəl şəkildə cəmiyyətə təqdim edilməsi üçün onun üzərində üç istiqamətdə iş aparılmalıdır. Bunlardan ən birincisi, valideyn və ailə mühitidir. Çünki bu mühit həyatımızın ən erkən çağları və informasiyalara ən çox açıq olduğumuz yaş dövrümüzü əhatə edir. 

Mən cəmi bir ana tanıyıram doğulmamış körpəsinə kitab oxuyurdu. Dil açmamış övladı ilə söhbət edirdi. Və bu gün o uşağın zəka imkanları başqalarına nisbətən çoxdur. Ata asta danışır, övladı da asta danışır. Ana kitab oxuyur, övladı da oxuyur. Ata ev işlərində iştirak edir, övlad da iştirak edir. Ana dinləyir, övlad da dinləyir, ata müzakirə edə bilir, mübahisə edə bilir, güzəştə gedə bilir, övlad da onların elədiklərinin eynisini edir. Məgər o uşağın sosial mühiti yoxdurmu? Məgər Elinaları intihara sövq edən uşaqlardan onun da oxuduğu məktəbdə yoxdurmu? Heç nə, heç kim insanı onun ailə mühitindən və yaddaşından daha gözəl tərbiyə edə bilməz. Bu birincisi.

İkincisi təhsil müəssisələri – bağça və məktəblərdir. Bir neçə gün əvvəl sosial şəbəkələrin birində bir müəllimin hər hərfindən gərginlik oxunan statusunu gördüm. Statusun məzmunda sinifdə oğlanların Elinaya olan münasibəti eynilə yeni qurban namizədinə qarşı göstərdiklərinin şahidi olan müəllimin müdaxiləsi və bu hadisədən yaşadığı stresin təsviri əks olunmuşdu. Mənzərə mənə də tanış idi. Bizim məktəbimizdə də oxşar hallar olurdu. Amma bu cür müdaxilə edən müəllimlər az olur, təəssüf ki. Əksərən müəllimlər üçün də hər gün dərsə hazır gələn, üstü-başı təmiz, asta danışan və bütün etik qaydalara ən yaxşı şəkildə əməl edən şagirdlər nə qədər doğma və əzizdirsə, güləyən, şən, dərslərində uğur əldə edə bilməyən, başqalarından fərqli, "anormal” uşaqlar da o qədər ögey və dözülməzdirlər. Təəssüf ki, nə valideynlərin, nə də müəllimlərin çoxu "tərbiyəsiz”lik və "səmimi”lik arasındakı fərqi görə bilmirlər. Uşaq və əxlaqsızlıq axı bir cümlənin içində işlədiləsi sözlər deyil. Amma uşaqlar (uşaqlar deyəndə oğlanlar) öz aralarında tərbiyəli və tərbiyəsiz qızları qruplaşdırır və müəllimli, şagirdli əksəriyyət bu təsnifatı sübut edilmiş elmi fakt kimi qəbul edir və nəinki fərqli, hətta oxşar fikirləri belə olmur. Mütləq şəkildə EYNİ cür fikirləşirlər. Təsəvvür edirsiniz, yay tətilindən qayıdırsınız və may ayında vidalaşıb ayrıldığınız şən sinif yoldaşlarınızın əvəzinə sizi öz aləmində əxlaq polisi bir dəstə oğlan qarşılayır. Əxlaq, dəyər haqqında ən cüzi məlumatları belə olmayan, yeniyetməlik- məna səddi dövrü yaşayan bu oğlanların (bir neçə oğlanın)  fikri bütün məktəb üçün etalon dur. Bəs yaşının yetkinlik dövrünü yaşayan, pedaqoji təhsil almış, tərbiyə edən, "uşaq ötürən” müəllimlər necə olur ki, asanlıqla bu mağara qanunlarına tabe olurlar? Məgər istiqamət verən onlar deyilmi? 

...

MİQ imtahanının müsahibə mərhələsində bir müəllimdən soruşmuşdular ki, uşaqlardan hansısa ondan insanın yaranma prosesesini soruşsa, o uşağın marağını təmin edəcək, eyni zamanda yaş xüsusiyyətinə uyğun şəkildə müəllim mövqeyindən necə izah edə bilər. Müəllim namizədi bu sual qarşısında aciz qalmışdı və bildirmişdi ki, uşağa bu mövzuda valideynləri ilə danışmağı məsləhət görər. Bunun ardınca isə: "Əgər onun valideynləri əxlaq və əqli cəhətdən normal adamlar deyillərsə? Hər bir müəllim bu cür suallara hazır olmalı, uşaqları başa salmağın yollarını bilməlidir ki, uşaqlar eyni sualla təhlükəli adamlara müraciət etməsinlər. Çünki uşaqdırlar və onlar üçün ən vacib şey suallarının cavabıdır”. Düzdür, müəllim namizədinə bu izah qaydası açıqlanmamışdı, amma çox həssas məqama toxunulmuşdu. Gündəlik yazmaq, jurnallar yazmaq, yazmaq, yazmaq və yazmaqdan müəllimləri azad etmək lazımdır. Azad etmək lazımdır ki, işləməyə, düşünməyə vaxtlari qalsın. Müəllimlərin çiyinlərinə qoyulan yük onların çiyinlərinə görə çox ağırdır və bu ağırlığı daşıya bilməməkləri cəmiyyəti ağır nəticlərlə qarşı-qarşıya qoyur.

Gələk üçüncü tərəfə. Həkimlər! Yeniyetmələrin hormonal inkişafı təkcə onların fiziki keyfiyyətlərinin deyil, həm də ruh hallarının dəyişməsi ilə nəticələnir. Tərbiyəsiz elan olunmuş qızlar, tərbiyəsiz bildiyimiz oğlanlar (çox gözəl ailələrin övladları da ola bilirlər) bu dövrü çətin keçən uşaqlardır. Uşaqlarda cinsi maraqların oyanması, yaxud həddən artıq olması onların tərbiyəsizliyi deyil, hormonal inkişafları ilə bağlıdır. Eyni yaşda olan uşaqların eyni sinfdə oxuması o demək deyil ki, onlar tamamilə bir-birlərinə bənzəməlidirlər. Hər uşağa fərdi yanaşmaq lazımdır. Bu fərdilik, fərqlilik yeniyetməlik vaxtı kəskin şəkildə üzə çıxır, çünki uşaqlarda artıq təqlidçilik dövrü demək olar ki, sona yetir. Hər kəs özünü olduğu kimi təqdim və qəbul etdirmək istəyir. Müqavimətlə qarşılaşanda isə neqativ hallar baş verir. Bu dövrdə diqqətdən, qayğıdan, nəzarətdən kənarda qalan yeniyetmələrdir ki, bu gün 30, 40, 50 yaşlı sapqınlar kimi meydana çıxır və biz onları tanımaqda çətinlik çəkdiyimiz üçün övladlarımızı hamıdan qorumağa məcbur oluruq. Bir şeyi başa düşməliyik ki, hormonlar tərbiyə olunmur. Bu nə müəllimlərin, nə də valideynlərin bacaracaqları iş deyil. Bu dövrdə yeniyetmələr həkim nəzarətində olmalıdırlar. Bioloji tərəfi onların işidir. 

Hər il, azı iki dəfə olmaqla, məktəblərə mütəxəssislər; həkim, psixoloq və pedaqolardan ibarət komanda göndərilməli, bu problemlərin həlli istiqamətində işlər aparılmalıdır. Tərbiyə edilməsi başqalarına nisbətən çətin olan uşaqlarla fərdi məşğul olunmalıdır. Təbii ki, hər işdə olduğu kimi, bu sahədə də imkansızlar var. Çətin tərbiyə onlunan uşaqları məktəbdən nəzarətsiz saxlayan və ya polis nəzarətinə verməyən məktəb rəhbərləri əslində onlarla uşağı bir uşağa qurban  edirlər. Çünki bu cür uşaqların təsir imkanları geniş olur və onlar qrupu asanlıla ələ ala, hətta idarə edə bilirlər. 

Son zamanlar saytlardan oxuduğumuz dəhşətli xəbərlər rahatlığımızı pozur, yuxularımızı qaçırır və hər birimizin ağlına ilk növbədə öz övladımız gəlir. Əlimizdəki telefonu atıb onların yatdıqları otağa, kompyuterin arxasından qalxıb dərs masalarına boylanırıq. Ölüm hökmünün bərpasını istəyirik, qarğıyırıq, kimlərlə həyəcanımızı bölüşüb yeni xəbərə qədər sakitləşirik (nisbətən). Bir az da uzağa boylanaq, problemin mənşəyini axtaraq. Bu artıq elə ciddi hal alıb ki, bu sahədə iş dövlət səviyyəsində təşkil edilməlidir. Məs; məktəblinin dostu layihəsi çərçivəsində.

Oxuyanlara, xüsusən oxumaq vərdişi olmayanlara xeyirli olması diləyi ilə...


Sona Əli
qadinkimi.com