FEMİNİZM
Hər kəsə gərəkli 10 Feminist kitab Tarix : 23 Noyabr 2022, 13:13
Yazar : Qadinkimi.com
1.  A Vindication of the Rights of Woman, Mary Wollstonecraft (Qadın haqlarının təsdiqi)
İlk dəfə 1792-ci ildə çap edilib. Öncül feminist Mary Wollstonecraft feminizm nəzəriyyəsinin analarından biri hesab olunur. Londonda dünyaya gələn Meri sevgisiz bir ailədə böyüyüb. Atasının ailə gəlirini boş işlərə xərcləməsi nəticəsində getdikcə maddi vəziyyətləri daha da pisləşir. Ailə içində yalnız atasının söz sahibi olması, anasının ailə içindəki əzilmiş həyatı onu insan, qadın və haqları haqqında düşünməyə vadar edir. 


2.  A Room of One`s Own, Virginia Woolf (Özünə aid bir otaq)
İlk dəfə 1929-cu ildə işıq üzü görüb. Qadınların daha az yaradıcı olduqlarını iddia edən bir dövrdə qələmə alınan əsər bu gün də aktuallığını qoruyur. Müəllif əsərində qadınlara bu şəkildə səslənir: "Pul qazanın, özünüzə aid ayrı bir otaq və boş vaxtınız olsun. Və yazın, kişilər nə deyəcək deyə düşünmədən yazın!”. 


3. Feminism is for Everybody, bell hooks (Feminizm hamı üçündür)
Bu əsərdə bell hooks cəmiyyətdə və mediada feminizm haqqında yayılmış yanlış fikirləri ifşa edir. Əsas məqsədi feminizmin təkcə "kişi düşmənliyi” olduğu istiqamətindəki qərəzli düşüncələri yox etməkdi. Kitab oxuculara feminizmin "ayırı-seçkiliyi, cinsiyyətçi istismarı və təzyiqi yox etməyə çalışan bir hərəkat” olduğunu xatırladır: "Yaxınlaşın, bunu görəcəksiniz: Feminizm hamı üçündür."


4. Gender Outlaw, Kate Bornstein (Cinsi qanunsuzluq)
Əsər ilk dəfə 1994-cı ildə nəşr olunub. Keyt Bornsteyn əsərində gender rollarını formalaşdıran ictimai, sosial və siyasi faktorlara toxunur. Müəllif qəlibləşmiş cinsiyyət rollarının bütün nəsillər üçün ciddi bir problem olduğu fikrini müdafiə edir. 


5. Bad Feminist, Roxane Gay (Pis feminist)
Bu günün ən mühüm qadın aydınlarından biri olan Roxane Gay "Pis feminist” adlı kitabında feminizmdən və feminizmə niyə ehtiyacımız olduğundan ictimai hadisələrdən, ayrı-seçkilikdən və yaşadığı xəyal qırıqlıqlarından yola çıxaraq bəhs edir. Günümüzdə hələ də müzakirə mövzusu olan feminizmin mənfi anlaşılması və istifadəsini vurğulayan yazıçı özünü bir feminist deyil, pis bir feminist kimi təqdim edir. 


6. Little Women, Louisa May Alcott (Kiçik qadınlar)
Kiçik bir şəhərdə yaşayan Mark ailəsinin çox fərqli xarakterli dörd qızı var. Qızların ən böyüyü o qədər gözəl və zərifdir ki, hər kəsin diqqəti həmişə onun üzərindədi. Ortancıl qızlardan biri həyəcanlı və çox çılğın, digəri isə yumşaq xarakterlidi. Ən kiçik qızları isə hələ gənc qız olmasa da, özünü tam bir xanım kimi aparır. Ailənin xöşbəxtliyi atalarının müharibəyə getməsi ilə sarsılır. Əsərin əsasında bir neçə dəfə film çəkilib, eyni zamanda opera və teatrda səhnələşdirilib. Şəxsi həyatından təsirlənərək qələmə aldığı əsərində müəllif xöşbəxtliyin ən çətin anlarda da mümkün olduğunu deyir. 


7. Men Explain Things to Me, Rebecca Solnit (Kişilər məni öyrədir)
Rebecca Solnit bilib bilmədən hər şeyi açıqlayaraq sübut etmək istəyən kişilərdən, qadınların necə susdurulduğundan və həyatın hər sahəsində məruz qaldıqları şiddətdən bəhs edir: "Qadının adı səssizlik, kişininki iqtidardır. Qadının adı kasıblıq, kişininki zənginlikdir. Qadına baxdığımızda "onun sahib olduğu nəsə varmı” deyə düşünürük. Kişiyə baxdığımzda isə hər şeyin ona aid olduğunu iddia etdiyini görürük, hətta qadının da. 


8. Redefining Realness, Janet Mock (Həqiqətin yenidən təyini)
Janet Mock Amerikanın ən çox tanınan trans fəallarından biridir. Əsərdə öz həyat mübarizəsini qələmə alıb. 18 yaşında cinsiyyət dəyişdirmə əməliyyatı keçirib və 2011-ci ildən redaktor kimi çalışmağa başlayıb. Bu kitabı onun ən çox satılan kitablar siyahısına daxildir. 


9. Sister Outsider, Audre Lorde (Ötəki bacı) 
Müəllifin 1984-cü ildə qələmə aldığı bu əsər irqçilik, seksizm və homofobiya (Fərqli cinsiyyətə sahib insanlara olan nifrət və ayrı-seçkilik) mövzusunda esselər və çıxışlarının toplusudur. O, cəmiyyətdə əhəmiyyətsizləşdirilmiş bir qrup insanın mübarizələrini göstərmək üçün ünsiyyətin önəmini vurğulayır.


10. The Bell Jar, Sylvia Plath (Zınqırovun cingiltisi) 
Yarım bioqrafik hesab edilən bu əsərdə universitetdə oxuyan bir tələbə qızın daxili sıxıntılarından bəhs edilir. Əsərdə patriarxal cəmiyyətin qadına yüklədiyi məsuliyyətlər tənqid olunur. Sylvia Plathın ilk və son romanıdır. Əsər ilk dəfə çap edilən zaman müəllif kimi Victoria Lucas taxma adı qeyd olunur. İntihar etdikdən sonra əsərin Sylvia Patha aid olduğu məlum olur. 

 
 
qadinkimi.com