YAZI / DÜŞÜNCƏ, HÜQUQLARIMIZ
Heç kimə borcumuz yoxdu Tarix : 15 May 2022, 12:35

Çoxları, xüsusilə də liberallar "Heç kim heç kimə borclu deyil” ifadəsini tez-tez işlədir. Bu çox xoşa gəlməyən ifadədir. Sevgisizlik, məsuliyyətsizlik aşılayır.

Heç kim tək-tənha yaşamır. O, dostluq,qohumluq və s. əlaqələri ilə güclüdür. Hamının da vəzifə borcu var və onları yerinə yetirməlidir. Bu qarşılıqlı münasibətdə olduğun hər kəsə aiddir. Məsələn, mən hər hansı bir qrupun üzvüyəmsə, öz fikrimi orda yaza bilərəm. Amma qrup üzvlərinə, qrupun qanunlarına hörmət etmək kimi bir öhdəliyim var.

 

 

Hərbiçi olmağa qərar verən adam rütbəcə özündən böyük zabitin əmrlərinə, hərbi qaydalara tabe olmalıdır.

Ana övladı böyüdür,qayğısına qalır,onu bacardığı qədər sevir. Övlad bunu unuda bilərmi? O körpə ikən valideyn qayğısına möhtacdır. Yaşlı valideynə qayğı göstərmək onun borcudur. Övladdan qayğı görmək isə valideynin haqqıdır.

Əgər övlad valideynlərin yanında yaşayırsa, onun qaydalarına hörmət etməlidir. Kiminlə yaşayırsansa, mütləq onun qarşısında məsuliyyət daşıyırsan. İnsanlar arasında sevgi varsa, bunu edəcəklər. Bunu xatırlatmağa gərək yoxdur. 

Münasibətlər sevgiyə söykənirsə, hər şey təbii baş verir. Tək xoşbəxt olmaq olmur. Birlikdə güclü, azad və xoşbəxt oluruq.

 

 İnsanlar Arasında Mübahisələrin Səbəbləri | Psixologiya 2022

Bəziləri qarşılıqlı münasibətlərdə güzəştə getməyi, məsuliyyət daşımağı hüquqlarının, azadlığının pozulması kimi qəbul edir. Əslində bu belə deyil. Həqiqətdə daxilən azad insan öz öhdəliklərini, məsuliyyətini daha düzgün dərk edəndir. Və onlar bundan zövq alırlar.

Daxilən azad olmayanlar öz azadlıqlarının zəncirlənməsi hissi ilə qorxu içərisində yaşayırlar.

Kim daha azaddır? Kim daha xoşbəxtdir?

 


Öz vəzifə və öhdəliklərini dərk edərək yerinə yetirməkdən zövq alan insan, yoxsa daim ətrafındakı insanlarla münasibətdə məsuliyyət daşımayan?

Bir fərd olaraq cəmiyyət içərisində yaşayırıq. Doğrudanmı,

heç kəsin qarşısında məsuliyyət daşımırıq? Heç kimə borcumuz yoxdur?

 

Buna hər kəs özü qərar verir.


Alay Sever

qadinkimi.com