YAZI / DÜŞÜNCƏ, SƏNƏT
Gülsatan Paqanini Tarix : 09 İyun 2020, 04:07

İnsan başına gələnləri əvvəlcədən bilsəydi bəlkə də doğulmaq istəməzdi. Hərdən həyat cılğın bir dənizə bənzəyir. O insanı öz ağuşuna alıb gah ömrün sahillərinə çırpır, gah da sakit, həzin layla çalaraq yaşadır. Kimsə buna tale, kimsə qismət kimsə sadəcə həyat deyə yaşayır bu qədim etibarsız dünyada.

Paqanini də belələrindən idi.Haqqında danışacağım insan siz düşündüyünüz dünya şöhrətli Paqanini deyil. Amma, kim bilir, bəlkə həyatın zərbələrinə dözüb ömrünü başladığı kimi davam etsəydi o da məşhur bir skripka ifaçısı ola bilərdi.

Konservatoriyada müəllimləri ona böyük ümid bəsləyirdilər, çox İstedadlı idi. Bir neçə dəfə müsabiqələrdə qalib olmuşdu. Müsabiqələrin birində bir qızla taniş olub ona vurulmuşdu.

Sevməyi hər kəs bacarmır. Aşiq olmaq isə tək-tək insanlara nəsib olur. Aşiq olanlar artıq ağıla tabe ola bilmir və ağıldan,şüurdan yüksəklərdə pərvaz edən bir hisslə yaşayır, ruhlarını sevgi ilə qidalandırırlar. Əgər bir gün bu qidadan məhrum olsalar, dəli ola bilərlər.

Mənim qəhrəmanım da bir qəribə eşq məcarası yaşadı.O, sevdiyi qadınla bir müddət görüşdükdən sonra evləndi. Bu cütlüyün xöşbəxtliyinə hamı qibtə edirdi. Bu iki insanın arasında yaranan vəhdət ailə etalonu oldu. Onlar hər yerdə bir idilər. Evdə,işdə,gəzintidə-hər yerdə.

O gün ən sevindirici gün olmalı idi. Əvvəlcədən danışdığı özəl klinikalardan birinə apardı hamilə qadınını. Ozü də iştirak edirdi doğuşda. Hər şey qaydasında gedirdi. Birdən, tibb bacısının həyacanlı "təzyiqi düşür” kəlmələri eşidildi. Həkimlər təşvişə düşdü. Bütün üsullardan istifadə olundu. O, qadınının əllərini möhkəm tutub buraxmır və hiss edirdi ki, onun əlləri tədricən soyuyur. Qəfildən, o bağırmağa başladı:

-Doktor, kömək edin! Xilas edin onu! Onu mənə qaytarın!


Həkimlər onu eşitmir,öz işləri ilə məşğul idilər. Bir necə dəqiqədən sonra ana bətnindən ayrılan qız uşağını ayıltmaq məqsədiylə bir necə adam calışsa da uşağın nəfəsi gəlmədi. O qızını gördü və anladı ki, körpə yaşamayacaq. Körpəni apardılar. Həkimlər ananı xilas etməyə çalışırdılar. Dəfələrlə elektroşokdan istifadə olundu. Müxtəlif iynələr və sistemlər qoşuldu. O sevdiyi qadının öldüyünü görür və heç nə edə bilmirdi. Bu çarəsizlikdən dəhşətə gəlirdi. Həkimlərin bütün cəhdləri boşa çıxdı. Dünənə kimi özünü dünyanın ən xöşbəxt insanı hesab edən o, zavallı, yer üzündə tək-tənha, carəsiz və köməksiz bir insana çevrildi.

O gündən həyat cəhənnəmə döndü onun üçün. Bir müddət dərdini unutmaq üçün içki içdi. Sonra ağır xəstələndi və həkimlər ona içməyi qadağan etdi. O, hər gün sevdiyi və ünsiyyətindən doymadığı qadının məzarına gedib onun qəbri üstündə skripka çalırdı. Cünki, o qadın onun skripka ifasını çox sevirdi.

Günlər keçirdi. Ətrafdakılar bu insanın nə zamansa həyat tərzini dəyişdirəcəyini zənn edirdilər. Lakin belə olmadı. O isə bağında gül-çiçək əkib becərməkdən başqa heç nə ilə maraqlanmadı...

Hər bahar ağ yasəmənlər açanda düşünürdü ki, sevgilisi onunla görüşə gəlir. Çox sevərdi o qadın ağ yasəməni. Onların arasında sanki bir oxşarlıq var idi. O da ağ yasəmən kimi saf və təmiz idi, onun da ömrü yasəmən kimi qısa oldu. O da yasəmən kimi öz gözəlliyi ilə göz oxşayırdı.


Neçə ildir ki, şəhərdə Paqanini adlı bir məsum, ağ uzun saçlı bir qoca hər bahar ağ yasəmən satır, qazandığı pulla özünü dolandırırdı.

O həmişə səliqəli və qeyri-adi geyinir,skripkasını çiynindən asılan katan cantada gəzdirirdi. Hərdən cavanlar ona pul verib bir musiqi çalmasını istəyirlər. Ancaq Paqanini yalnız özü istəyəndə çalır. Onu məcbur etmək mümkün deyil. Beləcə yaşayır əfsanələr qəhrəmanına bənzər bu qəribə insan.

 

Yenə bahardır, yenə yasəmənlərin ətri bağı bürüyüb. Paqanini səhər tezdən şehli-şehli cicəkləri dərib əvvəl sevgilisinə aparır,sonra qalan yasəmənləri universitetin qarşisinda dayanıb cavanlara satır qazandığı pullarıda gündəlik yeməyinə sərf edir.

Ülviyyə universitetdən çıxıb evə gedir hər gün. Tələbə yoldaşları onu "Ulya” deyə cağırıirdılar və bilirdilər ki, o ağ yasəməni çox sevir. Universitetin qarşısında dayanan Paqaninini əlində ağ yasəmən gördükdə tələbələrdən biri:

-Ulya, Ulya! Gəl,ağ yasəmən satan kişi gəlib!- deyə Ülviyəni səslədi.

Ülviyyə saçlarını üzündən yığıb gülə-gülə Paqaniniyə yaxınlaşdı və:

-Ağ yasəmənlərin hamısını mənə verin! – dedi.

Paqanini başını qaldırıb Ülviyəyə diqqətlə baxdı sonra əlindəki bir dəstə ağ yasəməni ona uzadıb:

-Buyur,ağ yasəmən gözəldir!– dedi

- Hə, Bilirəm. Mən ağ yasəməni çox sevirəm,- deyə Ülviyyə əlindəki pulları Paqaniniyə uzatdı.

Paqanini ona uzadılan on manatı görüb

- Məndə xırda olmur, qızım,- dedi

- Bu dəstə elə on manatlıqdır. Qoyun qalsın,- deyə Ülviyyə pulu almadı.


Paqanini pulu Ülviyəyə qaytarıb onun gözlərinin içinə diqqətlə baxdı və:

-Bəlkə mən bu yasəmənləri sənə hədiyyə verim? Götür!

Ülviyyə yasəmənləri götürüb əlini yenidən çantasına apardı. Oradan iki manat çıxarıb Paqaniniyə uzatdı və:

-Bilirəm azdır, amma, daha yoxumdur,- deyə buqeyri-adi kişiyə diqqətlə baxdı və sanki bir doğmalıq hiss etdi onun gözlərində.

Paqanini pulunu götürüb getdi. Ülviyyə sevinə-sevinə yasəmən dəstəsini sinəsinə sıxıb evə yollandı.


Ülviyə Bakıya Gürcüstandan gəlib. Universitetin son kursunda oxuyur. Bakida nənəsindən onlara miras qalan evdə yaşayır. Atası şirkətdə işəyir,anası evdar qadındır. Onlar Ülviyyəyə hər gün zəng edib hal-əhval tuturlar. Anası isə ayda bir dəfə Bakıya gəlib qızının yanında bir həftə qalır.

Bu gün yenə Ülviyə anasını gözləyirdi. O, aldığı yasəmənləri güldana qoyub otağı yığışdırdı və anasının gəlişinə hazırlaşdı.

Çox çəkmədi ki,qız yaşadığı evin qarşısında iri qara maşın dayandı.

Sürücü maşındakı azuqələri mənzilə daşımağa başladı. Ülviyyə onunla salamlaşdı, pilləkənləri qaça-qaça düşdü, anasını birinci mərtəbədə qucaqlayıb üzündən öpdü və:

- Mama! Darıxmışam sənin üçün! Xoş gəldin!

Anası qızını bağrına basıb saçlarını sığalladı və:

- Ay mənim şıltaq qızım. Necəsən? Neyləmisən mənsiz buralarda?

Onlar qol-boyun pilləkənləri qalxıb evə gəldilər.

Anası qızının səliqə səhmanını görüb çox sevindi, onu başdan ayağa süzüb kövrəldi və:

- Boyümüsən, Ulya! Artıq özün hər şeyi bacarırsan. Bu yasəmənlər də lap yaraşır otağa. Sən axı ağ yasəməni çox sevirsən. 

- Yasəmənlər demək olar ki, havayı başa gəlib. Bir qoca kişi satırdı. Xırdam olmadı,o cəmi iki manat götürüb verdi mənə onları.

- Yazıq qoca. Gərək verəydin pulunu.Yəqin ehtiyacı var ki, satır yasəməni.

- Gələn dəfə verərərm. Görürəm onu hərdən universitetin qarşısında.

- Mütləq ver. Yazıqdır.

Onlar Ülviyyənin təzəcə dəmlədiyi çayı içib xeyli söhbət etdilər. Ülviyə dərslərindən, anası atasının işlərindən və özünün problemlərindən danışdı. Sonra Ülviyyə dərslərini oxumağa başladı. Ana qızına ləzzətli yeməklər bişirmək üçün mətbəxə getdi.

 

 

Son iki gün Ülviyyə dərsdən sonra qoca gülsatan kişini axtarırıdı ki, ona pul versin. Hətta dərsdə uşaqlardan da onu soruşmuşdu.Tələbə yoldaşlarından biri " harda olacaq ki o? Sevgilisinə skripka çalır da bütün günü” - demişdi. Bu sözlər Ülviyyəni çox maraqlandırdı və o, oğlandan qocanln skripka çalan olduğunu, sevdiyi qadınını və yeni doğulmuş qızını itirdiyini öyrəndi.

-Onu şəhərdə çox adam tanıyır. Deyirlər gözəl skripka ifaçısı olub vaxtilə. Ailəsini itirdikdən sonra içkiyə qurşanıb. Demək olar ki, hər gün şəhər qəbristanlığinda həyat yoldaşının məzarını ziyarət edir və orada skripka çalır. Paqanini deyirlər ona, – deyə oğlan Ülviyyəyə məlumat vermişdi. Ülviyyəni bu qoca gülsatan o qədər maraqlandırmışdı ki,o hətta evdə anasına da ondan danışırdı. Anası da kişinin dərdinə üzülərək:

- Ulya, mütləq pul ver ona, yazıqdır,-deyirdi.

Ülviyyənin valideyinləri Bakıda doğulub burada evləniblər. Ülviyyə anadan olandan sonra atası Nihad arvadı Zümrüdü və yeni doğulmuş qızını götürüb Gürcüstana köcmüş, orada yaxşı bir iş qurmuşdu. Ailənin maddi durumu yaxşı idi. Ülviyyə universiteti bitirib Bakida qalmaq istəyirdi, lakin atası buna razılıq vermirdi. O Ülviyyəni oz şirkətində işlə təmin etməyə hazırlaşırdı.

Dərslər bitdikdən sonra kücəyə çıxan ilk tələbə yenə Ülviyyəni səslədi:

-Ulya, gəl! Paqanini yasəmən gətirib!

Ülviyyə çantasından pul çıxarıb küçəyə qaçdı. Bir qucaq ağ yasəməni əlində tutub duran qocanı gördü və sevincək ona yaxınlaşıb:

-Bu yasəmənləri də verin mənə. Hamısını. Və keçən dəfəkilərin də pulunu götürün. Ülviyyə yasəmənləri götürüb Paqaninin ovcuna 50 manat qoydu və getmək istədi .

Paqanini pula baxıb:

-Mən dilənçi deyiləm, – dedi

Ülviyə pərt oldu və səhvini düzəldərək:

-Bağışlayın. Xırdam yoxdur, –dedi

Paqanini əlini cibinə apardı və bütün pullarını çıxarıb Ülviyyəyə qalığı qaytardı. Sonra yenə diqqətlə düz qızın gözünün içinə baxdı. Ülviyyəyə elə gəldi ki, qocanın gözləri yaşarıb. Paqanini pulu verib getmək istəyirdi ki, qız qolundan tutub onu saxladı və özü də öz hərəkətin anlamadan :

- Niyə mənə elə baxırsınız? Mən bunu keçən dəfə də hiss etdim. Sizin baxışlarınızda nəsə var,- deyə Ülviyyə kişini lap çaşdırdı.

Paqanini donub qalmışdı. Nə deyəcəyini bilmirdi. O bir saniyə çaşqınlıqdan sonra:

-Bağışla, qızım.Səni bir adama bənzədirəm. Çöx oxşayırsan ona. O da sənin kimi şıltaq idi, o da ağ yasəməni sevərdi,o da saçlarını sənin kimi yığardı. Amma ölüm onu məndən aldı. Mən onsuz yaşadım, ölmədim, lakin unuda bilmədim onu, – dedi.

Qocanın gözlərindən yaş axırdı. O elə niskilli danışırdı ki, Ülviyyənin də gözləri yaşardı. Sonra Paqanini cibindən bir kiçik kitabca çıxartdı, onun arasındakı saralmış şəkli Ülviyyəyə uzatdı və:

- Bax, Gör necə oxşayırsan sən ona,- dedi.

Qız şəkili görəndə gözlərinə inanmadı. Ona elə gəldi ki, qoca elə öz şəklini verdi ona. O, diqqətlə şəkilə baxıb:

- Bu necə ola bilər axı? Bu mənim şəkilimdir.

- Yox, qızım. Bu onun şəkilidir. Ancaq, həyatda oxşar insanların olduğunu bilirəm. Olur belə. Heç təsəvvür edə bilməzdim ki, ölümümə lap az qaldıqda ona, sevdiyim qadına bənzər bir qıza rast gələ bilərəm. Bağışla məni, bala, – deyə Paqanini çantasını çiyninə asıb getmək istədi. Ülviyə qeyri-ixtiyari onun əlinnən tutub:

-Gəlin gedək bizə. Sizi anamla tanış edim. Atam da çox mehriban insandır, sizə dəstək olar. Gəlin.

Paqanininin gözləri dolmuşdu. Çoxdan idi o belə nəvaziş görməmişdi. O qəfildən bu incə, mehriban qızı qucaqlayıb bağrına basmaq istədi. O bir anliq yaşasaydı, o dəhşətli gecədə ölməsəydi qızının indi bu qız yaşda olacağını düşündü. O, əlindən bərk-bərk yapışan qıza baxıb dərindən köks ötürdü və:

-Yox. Mən son illər heç kimlə ünsiyyətdə olmuram. Son günlər isə səhhətimdə ciddi problem var. Nə qədər vaxtım olduğunu bilmirəm. Sən yaxşı qızsan. Ürəyin təmizdir. Xoşbəxt ol, qızım. Mən gedim. Bəlkə nə vaxtsa yenə sənə ağ yasəmən gətirərəm.-dedi.

Paqanini üzünü çevirib getdi.


Ülviyyə nə baş verdiyini anlamırdı. Niyə? Niyə mən ona bu qədər diqqət yetirirəm axı? Adi sərsəm bir qocadır bu adam. Mən isə onun keçmiş sevgilisinə bənzəyən bir qız. Niyə o mənimlə getməlidir axı? Mən niyə onu evə dəvət etdim?

Bu fikirlərlə Ülviyə evə qayıtdı. Evdə onu sürpriz gözləyirdi. Atası gəlmişdi. Nihad qızını o qədər çox sevirdi ki, Ülviyyənin gəlişi ona ən gözəl hədiyyə idi. Ülviyyə atasının boynuna atıldı. Nihad onu qolları üstünə alıb fırladı və alnından öpüb:

-Ulka, kökəlmisən haa! – dedi

- Mamadı daa, bişirir, mən də yeyirəm,- deyə Ülviyyə naz etdi.

Onlar bir qədər söhbət edib otaqlarına çəkildilər. Nihad qızının bir qədər fikirli olduğunu hiss edib Zümrüd xanıma:

-Nə olub buna? Vurulub bəlkə? Qayğılı dəydi gözümə.

Zümrüd xanım sanki yuxudan oyandı və:

-Ay Nihad, zarafat -zarafat qızımızın yaşı çatıb ee. Bəlkə də vurulub. Nə bilim.

Nihad başını bulaya-bulaya Ülviyyənin otağının qapısını döydü.

-Ulka, Yatmısan? Aç görüm .

Ülviyyə qapını açdı. Onlar divanda oturdular:

-Ulya, birtəhərsən. Nə olub, balam mənim? Bəlkə bir problemin var? Mənə deyə bilərsən.

Ülviyyə bir qədər fikirləşib :

-Var!- dedi.

Nihad divanda üzünü Ülviyyəyə çevirib

-Danış görüm! – dedi.

Ülviyyə atasına bu gün Paqanini ilə arasında olan söhbəti danışdı.

-Düz etmisən evə dəvət etməkdə. Bəlkə bir köməyimiz dəyər ona. Yazıq insandır yəqin. Amma qəbul etməyibsə, toxunma. Belə insanlar hətta qayğını da qəbul edə bilmirlər. O ki qaldı sənin onun qadınına oxşamağına, bu adi bir şeydir. Həyatda belə şeylər olur.

Elə bu idi problem? Unut, düşünmə bu haqda. Yer üzündə o qədər miskin insanlar var ki. Hərə öz taleyini yaşayır, – deyə Nihad qızını sakitləşdirib onun üzündən opdü və şirin yuxu arzulayıb otaqdan çıxdı.

Zümrüd xanım onu görən kimi yaxınlaşıb:

-Nə deyir? Bir problemi var?

-Yox! Narahat olma. Adi dərs qayğılarıdır,- deyə cavab verib eyvana cıxdı.Sonra qayıdıb yataq otağına keçdi.

Ertəsi gün Nihad səhər tezdən evdən çıxdı və "bu gün məni gözləməyin, işim var” deyib maşına oturub getdi.

Nihad gül mağazasından bir dəstə qızılgül alıb maşını dünən ünvanını qızından eşitdiyi qəbristanlığa sürdü. O girişdə oturan mollaya yaxınlaşıb ondan buraya tez -tez gələn qocanın hansı məzarın yanında skripka çaldığını soruşdu. Molla məzarın yerini göstərdi. Nihad əlindəki gülləri məzarın üstünə qoyub daşın üstünə həkk olunmuş şəkilə diqqətlə baxdı Qadın həqiqətən Ülviyyəyə çox oxşayırdı. Nihad şəkilə xeyli baxıb onun qarşısında diz çökdü və:

- Rahat yat, xanım. Qızın etibarlı əllərdə böyüyüb başa çatıb. Bu yaxında universitet məzunu olacaq. O gecə o həqiqətən ölü idi. Lakin bir neçə saatdan sonra ağlamağa başladı. O gecə həmin xəstəxanada mənin də qızım oldu və öldü. Anam həkim idi həmin gecə o xəstəxanada idi. Anası ölmüş körpənin həyata qayıtdığını gördükdə həkim və anam sənin körpəni mənim arvadıma verib onun uşağının ayıldığını dedilər. Bu sirri bilənlərdən sağ ancaq mənəm. Anam və həmin həkim artıq həyatda yoxdurlar. Sən mənin qızımın anasısan, amma bu sirri aça bilmirəm. Qızımızın artıq 20 yaşı var. Bütün bunları ona deyə bilmirəm. Məni bağışla. Yalvarıram, bağışla məni,- dedi.

Nihad sanki qarşısında duran insanla danışırdı. O əmin idi ki, qadın onu eşidir və bağışlandığını da hiss edirdi. O ehtiyatla ayağa qalxıb getmək istədi. Lakin addım səsləri onu arxaya çönmyə məçbur etdi. Nihad arxasında dünən qızının ona təsvir etdiyi insanı, yəni Paqaninini gördü.

Paqaninin gözləri sual dolu idi. O məzara yaxınlaşıb:

- Kimsiniz siz? Niyə burdasınız?

Nihad ayağa qalxıb Paqaniniyə əl uzadıb:

- Nihad. Gəlin tanış olaq

- Mən sizi tanımıram.

- Bilirəm. Gəlin tanış olaq.

- Niyə? Nəyə görə?

- Xahiş edirəm. Məni anlamağa çalışın. Gəlin başqa bir yerdə oturub bir fincan qəhvə içək. Sizə deyəcəklərim var,- deyə Nihad təklif etdi.

Paqanini Nihadı başdan ayağa süzdü və məzara baxaraq:

- Gedək. Onu narahat etməyək, – dedi.

Onlar Nihadın maşınına oturub dəniz kənarında yerləşən restoranların birində oturdular.

Nihad nədən başlayacağını bilmirdi. Nəhayət, özündə güc tapıb:

Adınızı bilmirəm. Sizə müraciət etməkdə çətinlik çəkirəm,- dedi.

- Adım Ruslandır. Bu adı çoxdan unutmuşam, çünki indi məni bütün şəhərdə Paqanini kimi tanıyırlar.

- Bilirəm. Mən dünən və bir neçə gün əvvəl sizdən ağ yasəmən alan qızın atasıyam. Qızım sizi çox təriflədi. Qızımın sizin sevdiyiniz qadına oxşadığını da bilirəm.

- Siz xoşbəxt atasınız. Sizin qızınızın qızıl ürəyi var.

- Xoşbəxt ata mən yox sizsiniz!- deyə Nihad başını aşağı saldı.

- Yersiz zarafatdır. Mənim qızım anası ilə bir yerdə o gecə öldü.

- Siz elə bildiniz. Siz sonra heç onun ölüsü ilə də maraqlanmadınız.

- Mən də o gün öldüm. Həyat söndü bir gecədə.

- Anlaylram sizi. Amma...

- Amması yoxdur. Mənim həyatım o qadından sonra puç oldu. Unuda bilmədim onu. Və sizin qızınızda təsadüfən ona oxşarlığı görəndə sanki bir doğmalıq hiss etdim. Düşündüm ki, yaşasaydı, mənim qızım da anasına bənzəyərdi.

- Ruslan. Siz çox ağıllı və düşüncəli insansınız. Mənim bu gün sizə dediklərim aramızda qalmalııdır. Yoxsa daha iki nəfərin həyatını cəhənnəmə çevirərik.

- Deyin. Siz də o qadını sevirdiniz? Bu günkü güllər mənə bunu ağah etdi - Paqanini soruşdu.

- Yox.

- Bəs nə?

- Ruslan, qızınız o gecə ölmədi. O sağdır.

- Yenə yersiz zarafat.

- Yox. Zarafat deyil. Sizdən ağ yasəmən alan qız sizin qızınızdır.


Paqanininin dili tutuldu. O nəsə demək istədi. Sonra sevıncindən qışqırmaq istədi, lakin bacarmadı. O, əlləriylə başını tutub ağlamağa başladı.

Nihad sakitləşdirmək üçün ona bir qədəh araq süzüb içirtdi. Sonra o gecə olanları Ruslana danışdı.

Ruslan gah gülür, gah ağlayırdı.

Nihad Bakıdan Gürcüstana köçdüyünün səbəbini də izah etdi.

-Dedim birdən kimsə yoldaşıma xəbər verər. Bütün əlaqələri kəsdim. Uzun illər Bakıdan ayrıldım. Lakin Ülviyyə universiteti Bakıda oxumaq istədi və qəbul oldu. İndi son kursdadır. Nənəsinin evində yaşayır.

-Bilmirəm sizə nə deyim. Siz bu gün məni həyata yenidən qaytardınız. Eyni zamanda məni öldürdünüz. Mən onun həyatında artıq bir adamam. Bilirəm ki, onu yaxşı saxlamısınız. Mən ona nə verə bilərəm axı? Heç nə.

- Ruslan. Siz ona mən heç vaxt verə bilməyəcəyim hissləri verəcəksiniz. Mən onu canımdan artıq sevirəm, amma Tanrı mənə həqiqi ata olmağın nə olduğunu göstərmədi. Sizin Ülviyyə ilə görüşünüz bu boyda şəhərdə təsadüfdürmü sizcə? Məncə yox. Ülviyyəni bu hissdən məhrum etməyin!

- Siz bunu necə təsəvvür edirsiniz? Bir şey düşünmüsünüzmü?

- Gedək bizimlə Gürcüstana. Mənim orda restoranım var. Onu işlədərsiniz. Siz gözəl skripka çalırsınız. Restoranda çalarsınız və həmişə Ulviyyənın yanında olarsınız. Orda yaxşı klinikalar var, müalicə alarsız. Blirəm ki, mənim heç bir maddi köməyimi qəbul etməzsiniz. Mən sizə iş təklif edirəm. Razılaşın. Lakin bu sirri ikimiz də qəbrə aparmalıyıq.

- Razıyam. Qızımın yanında olub onun yanında ölmək üçün hər yerə gedərəm.


O gecə Paqanini həm gülür həm ağlayırdı. O bilirdi ki, bu gecə onun sevdiyi qadının da ruhu şaddı, çünki qızının yaşadığını o da bilidi artıq.


Üç il sonra.

Qürcustan, "İveriya” restoranı. Toy məclisi. Ağ paltarda əlində bir dəstə ağ yasəmən Ülviyyə göydən enən mələyə bənzəyirdi. Onun iki qolundan tutub addımlayan atası Nihad və atasının yaxın dostu Ruslan dünyanın ən xoşbəxt insanları idilər. Hər ikisinin gözləri dolmuşdu.

Qarşı tərəfdə duran hündürboylu, yaraşıqlı oğlan gələcək həyat yoldaşına sevgi dolu baxışlarla baxırdı. O, yaxınlaşıb Ülviyyənin qoluna girdi və onlar masa arxasında oturdular.

Zala sakitlik çökdü. Paqanini bu gün o qədər yaraşıqlı görünürdü ki, toya gələn qadınlar ona diqqət yetirir və ifasını gözləyirdilər. O, skripkasını çiyninə söykəyib möhtəşəm bir vals ifa etdi. Zalda bəylə gəlin həmin vals sədaları altında süzürdü. Paqanini tez-tez üzünü arxaya çevirirdi ki, gözlərindən süzülən yaşı görən olmasın. Bu həm cevinc, həm də kədər göz yaşları idi, çünki Paqanini xoşbəxt olduğu qədər də bədbəxt idi...

 

Təranə Məmməd.

 

qadinkimi.com