HƏR ŞEY / HEÇ NƏ
Gerçək fahişəlik Tarix : 28 İyun 2019, 10:13
Yazar : Aysel Əlizadə
Yazıçı Nicki Roberts feminizm üzərinə araşdırma aparır və fahişəliyin tarixini incələyir. "Qərbdə fahişəliyin tarixi" adlı kitab yazır.  Bu kitabı oxuyanda belə bir nəticəyə gəlirsən: Patriarxat gerçək dəyərləri, doğruçu əxlaqı gizlətmək üçün bütün əxlaq kodeksini azad həyat sürən, kölə olmaq istəməyən qadına yükləyib. Adını da "fahişə” qoyub. Dolayısıyla, azadlığın bir adı fahişəlik kimi təqdim edilib. Gözdən salınıb. Patriarxat bunu niyə edib soruşa bilərsiz.
 

Bir şirkət düşünün. İşçiləri yalnız bir cinsdən ibarətdi. İşçilərin niyə yalnız bir cinsdən ibarət olması da ayrıca mövzudu. Deməli, şirkətin qaydalarına görə alıcını aldatmaq, saxta mal istehsal etmək, işçilərdən rəhbərə söz daşımaq, kiminsə "torbasını tikmək”, asan yolla pul qazanmaq, rüşvət almaq və bu kimi  qaranlıq işlər etmək olmaz.  Amma insanın təbiətdən gələn  yırtıcı xisləti var – tez və nə yolla olur olsun əldə etmək istəyir. Bütün mədəni cəmiyyətlər bu yabanı yoldan keçib tərbiyələnib, sivilləşiblər. Sadaladığımız şərtlərlə tez əldə etmək alınmır deyə diqqəti qaydalardan yayındırmaq gərək olur.  Çünki insan cəmiyyəti inkişaf etdikcə, onunla paralel əxlaq normaları da inkişaf edib.  Əksinə də demək olar. Əxlaq normaları insan cəmiyyətini inkişaf etdirib. 
 

Hər halda paraleldi.  Hamının diqqəti bu şərtlərdə qalsa, tərpənmək olmur.  Hər kəs mühafizəçiyə çevrilir.  Ona görə də adamlara mühafizə etmək üçün yeni diqqət obyekti  tapmaq lazım gəlir. Dürüstlüyün, doğrunun  əxlaq norması olduğu  yerdə  açıq əclaflıq etmək mümkün deyil.  Bu səbəbdən qadın əxlaq tikəsi kimi cəmiyyətin ağzına atılıb.  Hamı bir nəfər kimi onu güdməyə başlayıb.  Azadlıq bu günədək qapalı cəmiyyətlərdə istər qadın, istərsə kişi üçün əndrəbadi, hətta ayıb bir şey sayılır. Yeknəsək və bütün əyri işləri altdan çevirən qapalı cəmiyyət üzvləri açıq və özgür yaşayan adamı " bunun uşağı yoxdu, əri yoxdu, arvadı yoxdu, bizim kimi geyinmir, bizim kimi susmur, bizim kimi yaşamır, bizim kimi etmir və s." qavramlarla  "ayıbçı"  kimi qəbul və təqdim edir.  Hər əclaflıq diqqətdən yayınır, gerçək fahişəlik gözə girmir. Məntiqlə belə olur:  Tutaq ki, "Qadının azad ilişki yaşaması əxlaqa ziddi - din belə deyir, milli-mənəvi dəyər belə deyir"  bəyanı verilir.  Ləyaqətsizin biri əxlaqı bacısında, qızında çözür. Özü  eləmədiyini buraxmır - yaltaqlıq desən edir, satqınlıq desən o da öz yerində. "Xalxın qızı”na göz qoymaq? O da var. Haram? O da bol.  Nə istəsən edir.  Bu tərəfdə isə qadınlara abır-həya, ismət dərsi deyir. Beləcə, millət bir də ayılır ki, əsl q-lə məşğul olanlar qalıblar qıraqda, bütün toplum düşüb  qadının vaginasının dalına. Uzuuun zaman bu " dəyər normaları" ilə yaşayan cəmiyyət bir də onda ayılır ki, heç nəyi qalmayıb; heç bir insani, bəşəri, ruhsal dəyəri. Bütün mənalarda hər şeyini itirib... Diqqətdən kənar saxladığı məsələlər elə dərinləşib, elə topalanıb ki, düzəltmək, dağıtmaq yeni bir inkişaf mərhələsi istəyir.
 


Qadinkimi.com