YAZI / DÜŞÜNCƏ
FOTOROBOT Tarix : 21 Mart 2020, 17:18
Yazar :

Hekayə


Nə qədər əlləşdi-vuruşdu, izah edə bilmədi: Gözləri aladı, yox-yox, qaradı, belə qatışıq rəngdədi, gözünün quruluşu badamıdı, yox, yumrudu… hə, dəqiq yumrudu; dodaqları nazikdi, sacları qıvrımdı, hə, dəqiq qıvrımdı…


Az keçmədi ki, əlində fotorobot tutmuş müstəntiqlə üzbəüz oturdu:

– Vətəndaş, məsələ ondadır ki, sizin nəyiniz oğurlanıb, dəqiq bilmirik, izah etdiyiniz fotorobot da məndə şübhə oyadır. Fotorobota baxıram, eynən sizsiniz.

O, əlini qıvrım saçlarına aparıb dərsini yaxşı öyrənməyən uşaqlar kimi yalvarmağa başladı:

– Tutursuz məni? Nə olar, buraxın gedim. Bir qələtdir etmişəm…

– Axı, sizi necə buraxım gedəsiz? Əməlli-başlı, ədəb-ərkanla şikayət ərizəsi yazmısız.

– Rüşvət istəyirsiz?

– Vətəndaş, indi də mənə ləkə atırsınız? – Yanındakılara çevrildi: – Aparın onu!

Dəmir barmaqlığın bir damla günəş işığına iri yumru gözlərini zilləyib dua edirdi. Üç ay burda qaldı…

Tüklü saqqalı qıvrım saçlarına qarışmışdı. Cinayətkar kürsüsündə onunla yan-yana fotorobotun şəkli var idi.

Hakim ovqatını ciddi görkəminin altında gizlətməyə çalışsa da, qımışdığı sezilirdi: çox qəribə bir cinayət işi…

– Kim kimi şikayət edib, anlamağa çalışarıq. Vəkil, xahiş edirəm, məsələni izah edin.


Vəkil ayağa qaxıb bir sağa, bir sola baxdı:

– Hörmətli hakim, hörmətlı məhkəmə iştirakçıları. Bu vətəndaş bir gün ərizə ilə müraciət edərək bildirib ki, bu insan – hansı ki, biz bu insanı tanımırdıq, vətəndaşın öz izahı ilə fotorobotu cizdik – yəni fotorobotda olan şəxs onun nəyinisə oğrayıb talan edib və s. Sonra məlum oldu ki, fotorobotdakı elə bu insanın özüdür. Bu sirr açılandan sonra bu vətəndaş polis işçisini təhqir etdiyinə görə azadlıqdan məhrum edilmişdir. Bu gün iddiaçı və cavahdeh qismində yalnız bir nəfər var: həm bu vətəndaşın iddiasına baxacağıq, həm də bu vətəndaşdan oğurluq edən elə bu vətəndaşın özünü ittiham edəcəyik…

Məhkəmə zalına gülüşmə düşdü. Bəziləri uğunub gedirdi. Hakim "Sakitliyə riayət edin” deyib, əlindəki çəkici stolun üstünə döyəclədi:

– Vətəndaş, qalxın və izah edin: bu adam – "fotorobot” sizə nə edib?

– Mən kiçik bir məhəllədə anamla böyüyən kasıb bir uşaq idim. – Gözləri parıldamağa başladı. – Səsim var idi, muğamatı bir dinlərdim, ikinci özüm oxuyardım. Anam rəhmətlik də çox istərdi ki, mən oxuyan olum…


Hakim hövsələdən çıxdı:

– Vətəndaş, mətləbə keçin!

İddiaçı üzr istəyib davam elədi:

– Uzun sözün qısası, dedi, oldürsən də məni, mən səni oxumağa qoymaram. Sən kişisən, kişi asar, kəsər, oğrayar, qaçar, öldürər, amma manıs olmaz.

– Kim dedi? – Hakim soruşdu.

– Müttəhim, – iddiaçı yanındakı şəkli göstərdi.


Hamı yenə gülüşməyə başladı.


Hakim işarə etdi: "Davam edin”.

– Bu minvalla oxumağın daşını atdım. Dərs də oxumadım, oldum avara: asdım, kəsdim, oğramadım – anamdan qorxdum, öldürmədim – Allahdan qorxdum. Dədə-babadan ürəyimiz yuxadır bizim. Birinə bir şey olsa, o dəqiqə oturub ağlardım. Bu da kişinin oğlunun xoşuna gəlmirdi.

– Kimin? – yerdən kimsə gülə-gülə ələ saldı.

– Bunun da, – iddiaçı fotorobotu göstərib sözünə davam etdi: – Deyirdi, kişi ağlamaz, kişinin ürəyi yuxa oldu, apar tulla. Alə, bu alcaq heç məni qız sevib evlənməyə də qoymadı. Kimdən xoşum gəldi, bir qulp qoydu. Heç kim tənha qalmasın, Allah kimsəyə göstərməsin. Anam öləndən sonra lap avara oldum. Yaşım qırxı keçən kimi bəsirət gözüm açıldı. Gördüm, işim yox, gücüm yox, arvad yox, avara cır-cındırın içində, sınıq-salxaq daxmada tək qalmışam. Dəli oldum. İçirdim, çox içirdim; beş-üç manat pul tapan kimi içirdim. Bir gün ipi keçirdim boğazıma ki, özümü öldürüm, "kimə lazımam” dedim. Onu da qoymadı bu itoğlu, dırmaşdı yuxarı, kəsdi ipi. İndi mənim şikayətim bu insandandı, tutun onu, mən də gedim işimin-gücümün ardıyca…


Qapının ağzında iki həkim durub, iddiaçının nitqinin bitməyini gözləyirdi. Hakimin qərarı uzun çəkmədi. Elan olundu: "İddiaçı ruhi xəstədir, ona ciddi müalicə lazımdır…”


Əlini-qolunu bağlayanda o bağırırdı:

– Mən xəstə deyiləm. Siz insan deyilsiz? Axı mən hər şeyi danışdım, izah etdim. Ey insanlar… atam qəbri, xəstə deyiləm.

Zalda hamı gülüşürdü. Əli-qolu bağlı iddiaçı bərk etiraz edirdi. Ətrafında olan insanların hamısı qıvrımsaçlı, yumru gözlü fotorobota bənzəyirdi – hamı ona qarşı, ona düşmən idi.

Onu güclə, qollarını burub maşına mindirəndə son sözü hakimin qulaqlarını deşdi:

– Sizin ədalətinizi…

 


 
AYSEL FİKRƏT
qadinkimi.com