BURA / ORA
Bizim qadınlar ərə getmirlər, kişiləri tərbiyələndirmək üçün himayəyə götürürlər Tarix : 03 Noyabr 2019, 14:52
Yazar : Qadinkimi.com
(QADINLAR ONLARI AŞAĞILAYANLARI, ƏZAB VERƏNLƏRİ SEVİRLƏR)

40 İLLİK TƏCRÜBƏSİ OLAN PSİXOLOQ, PSİXOTERAPEVT TİBB ELMLƏRİ NAMİZƏDİ MİXAİL LİTVAKIN MÜSAHİBƏSİNDƏ FƏRQLİ YANAŞMAYA, FƏRQLİ BAXIŞA İMKAN YARADAN FİKİRLƏR VAR.

Son illərin evlilik statistikası faciəvidir: boşanmaların sayı praktik olaraq evlənənlərin sayı qədərdir.Bu ona görə baş verir ki, çoxları ailə yaratmaq kimi ən əsas və həqiqi səbəblə deyil, müxtəlif mənasız bəhanələrlə evlənir. Onlarla kitab müəllifi, məşhur psixoterapevt Mixail Litvak xoşbəxt ailə qura bilənlər və boşananların sayını artıranlar haqda danışır.
 


- Müsahibələrinizin birində xoşbəxt ailələrin olmadığını demisiz...

- Var, amma çox azdır.  Mən ailələri araşdırmaqla məşğul olmuşam.11 min ailədən üçü xoşbəxt idi. Bu əsil ailə idi. Qalanları bir yerdə yaşayan bədbəxt insanlardır.

- Bu məhz rus ailələrinə aiddir?

- Niyə ki? Bu patologiya hər yerdə var.

- Boşanmalar niyə bu qədər artıb? İnsanlar həyat yoldaşı seçimində səhvə yol verirlər?

- Bu ona görə olur ki, insanlar pis tərbiyə olunur. Onlara düşünməyi, həyat yoldaşı seçməyi öyrətmirlər. Biz ən çox xoşa gələn sevgi etirafı ilə bağlı sorğu keçirdik. Bu variantlar təqdim olundu: "Sənsiz yaşaya bilmirəm”, "Heç vaxt səni incitmərəm”, "Gəl ailənin yükünü bir yerdə çəkək”. Qadınların 75%-i "Sənsiz yaşaya bilmərəm” etirafını seçdi. Bunu alkoqolik, yeniyetmə də deyər. Amma əsil həqiqət "Ailənin yükünü bir yerdə çəkək”dir. Bu sevgi etirafı heç kimin xoşuna gəlmədi. 

- Ümumiyyətlə sevgi nədir axı?

- Sevgi sevgi obyektinin həyat və inkişafında maraqlı olmaqdır(önəm verməkdir). Hamı deyir: Sevməyə kimsə yoxdur. Siz sevməyi bacarırsızmı? Bizdə ailənin mahiyyəti "Sənsiz yaşaya bilmirəm” ifadəsindədir.

- Bəs zamanla sevginin başına nə gəlir? O necə olur?

- Zaman keçdikcə sevgi güclənir. Əgər başlanğıcı yoxsa, yəni əvvəldən əsil sevgi olmayıbsa, hər şey getdikcə daha pis olur.

- Kişi və qadının evliliyə münasibəti nədə fərqlənir?

- Kişi və qadının evliliyə baxışı eynidir. Amma siz o kişini və o qadını harda görürsüz? Bizdə "şalvar” və ya "ətək” geyinənlər var sadəcə. Ona görə də öncə qadın və ya kişi olmaq, sonra ailə qurmaq lazımdır. Ailə qurmaq üçün maddi təminatlı, fiziki cəhətdən sağlam, mənən zəngin olmaq lazımdır. Professional olmayan kasıblarla iş görmək gərək deyil.

- Əgər münasibətlər sekslə başlayıbsa?

- Seks sonrakı mərhələdir. Öncə dünyagörüşlərin uyğunluğu olmalıdır. Sevgi bir – birinə baxmaq deyil, eyni tərəfə baxmaqdır. Kanada tədqiqatçıları ailə möhkəmliyinin dörd əsasını müəyyənləşdiriblər. Birincisi ümumi dünyagörüşdür. İkinci ümumi qida zövqüdür. Seks üçüncüdür. Dördüncü isə bir – birini oxşamaq arzusudur. Seks əsasında qurulan ailələrdən yaxşı nəsə gözləmək olmaz.

-  Kişilər erkək olduqları üçün, xəyanətlərinə bəraət  verirlər...

- Öz seçimində yanılmısansa, xəyanət gözləniləndir. Yalnış evlilikdə başqa birinin xoşuna gəlməsi təbiidir.

- Hansı qadınlara xəyanət etmirlər?

- Fiziki cəhətdən sağlam, mənəviyyatı zəngin olan, maddi asılılığı olmayan qadınlara. Bizim qadınların seksual həyatı üç cür seksual pozuntuya məruz qalır:
pedofiliya, zoofiliya, mazoxizm. Birincisi – onlar ərə getmir, kişini uşaq kimi tərbiyə etmək üçün himayəyə götürürlər. İkincisi, alkoqoliklə yaşayırlar. Alkaqolik isə heyvan kimi bir şeydir. Üçüncüsü – mazoxizmdən əziyyət çəkirlər, onlara aşağılayanları, əzab verənləri sevirlər.

- Fiziki cəhətdən sağlam olan, maddi təminatlı qadın cavan deyilsə, onun nə qədər şansı var?

- O daha şanslıdır. O artıq özünütəsdiqləmiş qadındır. Ona qarnir gərək deyil, bifşteks gərəkdir. 45 -50 yaşlı qadınlar var ki, gənc qadınlardan qat –qat üstündür.

- İlk görüşlərdən seçiminin yanlış olmadığını necə müəyyən etmək olar?

- Ünsiyyətdən, davranışdan, geyim zövqündən. Sokrat deyib ki, səni görməm üçün mənə nələrsə de. Qısa müddətli ünsiyyətdən, söhbətdən qarşındakının, dünyagörüşünüzün uyğun olub – olmadığını müəyyən etmək olar. 

- Partnyorların seksual uyğunluğu necə olmalıdır?

- Bu da önəmli məsələdir. Kişi və qadının seksual tələbi uyğun olmalıdır. Əgər kişi gündə üç dəfə, əksinə qadın üç gündən bir seksə meyl göstərirsə, heç nə alınmayacaq. 

- Fərqli cütlüklərdə qadın kişiyə uyğunlaşmağa və ya kişini dəyişməyə cəhd edərsə?

- Yox. Bu gərəkli nəticə verməyəcək. Yarımfabrikat yaxşı deyil. Hazır məhsul yaxşıdır. İnsan başqasını deyil, yalnız özünütərbiyə edə bilər. Yanılmısan, deməli, ayrılmalısan. Başqasını tapmalısan.

- Bəs harda axtarmaq lazımdır?

- Ən doğru seçimi iş yerində edə bilərsən. Baxın, biz birlikdə işləyiriksə, sizdə mənim haqqımda rəy yaranacaq. Hansısa toplantıda, tədbirdə, gecə klubunda düzgün seçim etmək olmaz. Belə yerlər yalançılar yığnağıdır. 

- Son zamanlarda qadınların tələbatı dəyişibmi?

- Qətiyyən.Yüzmin il ərzində dəyişməyib.

- İndiki qızların statuslu kişilərə üstünlük verməsi haqda nə deyə bilərsiz?

- Düz edirlər. Deməli, ağıllanıblar. Amma gərək özünün də müəyyən mövqeyin - statusun olsun. Təəssüf ki, qadınların çoxu fahişə psixologiyası ilə yaşayır: Pul gətirən, yedirib – içirən varlı kişi tapmaq. Bunun qarşılığında onlar ev işlərini görür və onun tələbatını ödəyir. Bu nədir sizcə? Hər şeyi öz adı ilə demək lazımdır: Pozğunluq. İndi kişilərin çoxu da gizli alfonslardır, onlar da varlı qadınlar axtarışındadır.

- Amma belə bir fikir formalaşıb ki, qadın kişinin kölgəsində qalaraq onu ruhlandırmalı, onun üçün kamfort yaratmalıdır. 

- Siz kişi ilə "şalvargeyinən”i qarışdırırsız. Kişini kimsə ruhlandırmamalıdır. O özü öz gördüyü işlərdən, əldə etdiklərindən ruhlanmalıdır. Hansısa bir qadın və ya kişi üçün yaşamaq olmaz.

- Bəs uşaqlar üçün?

- Olmaz. Uşaqlar – nəsə efemer bir varlıqdılar. Pis, ya yaxşı olmaqlarından asılı olmadan uşaqlar 18 – 20 yaşında artıq valideynlərdən ayrılmaq istəyir və gedirlər. Kişi və qadın bir – birinə daha yaxındır. Uşaqlar – müvəqqətidir. Sevgimizin əlavə bir məhsuludur.

- Ancaq boşanmalarda qadın bu "sevgi məhsulu” ilə qalır, sonra ailə qurmaq çətin olur, kişilər uşaqlı qadınla evlənmək istəmir...

- Kişi üçün birinci evlilikdən olan uşaq problem oLa bilməz. Əgər qadını sevirsə, uşaq üçün ata olacaq. Təki sevdiyi yanında olsun. Evlilikdə uşağın əsas olduğunu düşünən qadın da xoşbəxt ola bilmir.

- Artıq belə bir fikir yaranıb ki, nikah sıradan çıxır. İnsanlar sadəcə birlikdə yaşamağa üstünlük verir. Siz qonaq birliyinə necə baxırsız?

- Qonaq evlilik elə də pis deyil. Vətəndaş nikahı ilə normal yaşayanlar da az deyil. Elə ki, evlilik rəsmiləşir, vəziyyət dəyişir, yaşam ağırlaşır.

- Bu dəyişgənliyin səbəbi nədir?

- İnsan azadlıq istəyir. Formal, yəni rəsmi evlilik onun azadlığını məhdudlaşdırır. Ağıllı adam üçün rəsmi kağız, möhür heç nəyi dəyişmir, axmaqlar üçünsə dəyişir.


Müsahibə Qalina Axmetovanındır.
Çevirdi: Kamalə Abiyeva
Qadinkimi.com