YAZI / DÜŞÜNCƏ
Bamsı Beyrəyin Banuçiçəyi qadınlığı ilə vurması Tarix : 02 Dekabr 2022, 12:58

Bioloji baxımdan kişi və qadınlar arasında kiçik fərqlər olduğu doğrudu. Amma sosial baxımdan onlar arasındakı fərqlər tarix boyunca həddən artıq şişirdilib. Yəni bu fərqlər sonradan ortaya çıxıb.

Bir sözlə, qadınla kişi arasındakı kiçik bioloji fərqlər yüz illər ərzində insanlar tərəfindən vurğulana-vurğulana, böyük sosial fərqlərə çevrilib. 

Fikrimcə, "Dədə Qorqud” dastanının "Bamsı Beyrək” boyu bu mövzuya gözəl bir örnəkdir.

"Bamsı Beyrək” boyunun məzmunu qısaca belədir: Bamsı Beyrək ilə Banuçiçəyin göbəkkəsdisi olsa da bir-birini tanımırlar. Ayrı-ayrılıqda ovçuluq edərkən yolları kəsişir, aralarında anlaşmazlıq çıxır. Ovun kimə çatacağına qərar vermək üçün güləşməyə qərar verirlər.

Bamsı Beyrəyin qırx igidi, Banuçiçəyin də qırx incəbelli qızı kənardan bu güləşi izləyir. Bamsı Beyrək çox mübarizə aparır, amma güləşi qazana bilmir. Nə həmlə edirsə etsin, Banuçiçək onun cavabını verir. Çünki gücləri bərabərdir.

Bamsı Beyrək qırx igidin ona rişxənd etməsindən qorxaraq, tutub Banuçiçəyin döşünü sıxır. Bundan narahat olan Banuçiçək bir anlıq ləngiyir. Beyrək bu andan istifadə edərək onun kürəyini yerə vurur.

Beləliklə, Bamsı Beyrək güləşi qazanır. Amma necə? Banuçiçəyi qadınlığı ilə vuraraq qazanır. Bəli, Beyrək məncə, qadını qadınlığı ilə vurub. 

Başlanğıcda gücləri bərabər idi. Beyrək kiçik bir fərqdən - rəqibinin bir cinsi xüsusiyyətindən istifadə edərək ona qalib gəlib. Əslində Banuçiçək də kişilərə məxsus bir xüsusiyyətdən yararlanıb beldən aşağı vura bilər, Bamsı Beyrəyə qalib gələrdi. Təbii ki, bu, düzgün olmazdı. Bamsı Beyrək də düz etməyib.

Bamsı Beyrəyin bu davranışını bu gün şüurlu və şüursuz olaraq bir çoxumuz davam etdiririk. Əgər bu gün biz bir qadının sadəcə qadın olduğu üçün yüksəlməsinə imkan verməzsək, Beyrək kimi onları cinsi xüsusiyyətləri ilə vurmuş olarıq.

Mədəniyyətimizin əvəzolunmaz miraslarından biri olan "Kitabi-Dədə Qorqud” dastanındakı digər boylardakı kimi, "Bamsı Beyrək”də də dərin, zəngin və incə bir mesajın verildiyi qənaətindəyəm.

​Üstün Dökmən "Küçük şeylər” kitabından

qadinkimi.com