UŞAQ / BÖYÜK
"Atam doğulmağımı istəməyib"-15 yaşlı Nurcanla MÜSAHİBƏ Tarix : 04 Dekabr 2019, 09:52

Müsahibimiz 15 yaşında bir çox uğura imza atan Nurcan Haqverdiyevadır:

Nurcan 2004-cü ilin 5 dekabrında Saatlı çadır şəhərciyində doğulub. Saatlıda S. Vurğun adına 1 saylı orta məktəbin 9- cu sinfində oxuyur. Saatlı şəhər Bülbül adına musiqi məktəbində fortepiano təhsili alır. Tarix-Diyarşünaslıq muzeyinin "Sənət ocağı" dərnəyinin üzvüdü. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPD) Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində rəqs dərsləri alıb. Uzun müddət Uşaq Kitabxanasının nəzdində təşkil edilən uşaq teatrında nağıl qəhrəmanlarının obrazını canlandırıb. Rayonun və məktəbin bir çox tədbirində şeir və səhnəciklərlə çıxış edib. ADRA-nın "Saf damlalar” müsabiqəsində iştirak edib. AQUPD-nin və "Yarat”ın birgə layihəsi olan "Bacar art”ın laureatlarından biri olub. "Yarat”ın və rəssam Vusal Rahimin erkən nikahlara qarşı keçirdiyi "Qara toy - Nurcan" sərgisində əsas obrazı canlandırıb.

Nurcan, "Qara toy" layihəsinin qəhrəmanı olmusan. Erkən yaşda evləndirilən bir qızı canlandıranda nələr hiss etdin?

Vüsal Rahim müəllimim olduğu üçün çox da çətinlik çəkmədim. Amma üzücü oldu. Çünki bir anlıq həqiqətən erkən nikah qurbanı olduğumu düşündüm. Eyni şeyi yaşasaydım, başıma nələr gələrdi? Bu sualı verdim özümə. Mən düşünürəm ki, heç bir qız erkən nikah qurbanı olmamalıdı.
Saatlıda qızların diskriminasiya problemi varmı və onlar da sənin kimi rəsmlə, muzeylə maraqlana bilirlərmi? Varsa, fikrincə qızlara qarşı olan ayrı-seçkiliyin səbəbi nədi?

Burda tanıdığım qızların çox azı təhsilə önəm verir. Təhsil alanların əksəriyyəti ona görə oxumaq və işləmək istəyirlər ki, evlənən zaman həyat yoldaşını itirsə və ya ayrılsa, özünü saxlaya bilsin. Bunu anlaya bilmirəm. Yaşadığım rayonda qızlar cəmiyyətə çox az qarışır. Ailələr qızlarını idmana, musiqiyə və ya başqa məşğuliyyətlərə göndərmir. Həmişə qızlara qarşı bir sərhəd var. Qızlar o sərhədi keçmək istəsələr də əksər vaxtı alınmır. Saatlıda qızlar daha çox məktəb tədbirlərinə qoşulurlar. Amma rayondan kənar tədbirlərə, yarışlara az hallarda gedə bilirlər. Ətrafımda çox az sayda qız cəmiyyətə çıxmaq, tanınmaq, ölkəmizi tanıtmaq istəyir.

Yaşadığınız bölgədə erkən nikah problemi varmı?

Anamla bəzən qonaq getdiyimdə və ya bizə kimsə gələndə belə şikayətlər eşidirəm. Onların çoxu erkən nikah qurbanıdı, indi də bir və ya iki uşaqla çarəsiz qalıblar. Nə təhsilləri var, nə də bir işləri.

Tarix - Diyarşünaslıq muzeyinin sənət ocağının üzvüsən. Rəssamlıqla məşğulsan. Sənətə, tarixə marağın hardan yaranıb?

Anam muzeyə çox gedirdi. Muzeyin könüllüsü idi. Bizi də tək qoymamaq üçün özü ilə aparırdı. Sürəyya xanım mənim ilk rəsm müəllimimdi. Elə anamız kimi olub. O rəsm çəkəndə saatlarla oturub baxırdıq. Bəzən kağız və karandaş verirdi. Biz də qardaşımla nələrsə çəkirdik. Həyatımızın çox hissəsi muzeydə keçib. İndi də dərsdən evə gedəndə çox vaxt muzeyə gedirəm. Həm tarixə, həm də rəsmə marağım orada yaranıb və hər gün daha da artır.
Valideynlərin sən çox kiçik olarkən ayrılıb. Səncə, ayrılıq doğru qərardı?

Doğru qərar olub olmadığını deyə bilmərəm. Amma heç kim valideynlərinin ayrılmağını istəməz. Ailəsini sevməyən bir atanın övladı olmağı da heç kim istəməz. Alınmayıbsa nə edə bilərik ki?!.. Anam mənim üçün ən yaxşısını bilir. Anamın qohumları, dostları məni çox əziz böyüdüb. Daima maraqlanıblar, nə istəsəm alıblar. 

 
Bir qardaşın var. Qız olduğuna görə ailəndə özünə qarşı ayrı-seçkilik hiss etmisənmi?

Atam doğulmağımı belə istəməyib. Bu günə qədər məni nə axtarıb, nə də görmək istəyib. Maraqlı olmamışam onun üçün. Amma anam qardaşımla mənim aramda heç bir fərq qoymayıb. Şahmata, musiqiyə, idmana bərabər getmişik, velosipedi birlikdə sürmüşük. Qardaşım bəzən mənə nədəsə etiraz edib. Belə olanda anam narazılığını bildirir ki, yaşamaq hamının haqqıdı. İdman, musiqi, rəsm hamı üçündü. Ayrı-seçkilik olubsa, qardaşıma olub (Gülür). O, bəzən deyir ki, elə qızdı deyə bacımı daha çox istəyirsiz. Amma qardaşım da məni çox istəyir. Uşaq olanda həmişə məni məcbur edirdi ki, ona "atam" deyim. Deyirdi mənim atam yoxdu, amma bacımın mənim kimi atası var. Məktəbə gedəndə öz pulumu xərcləyirdim. Qardaşım gəlib öz pulunu da mənimlə bölüşürdü.
Valideynlərindən nələri öyrənmisən, Nurcan?

Atama heç vaxt bənzəmək istəməmişəm, utanmışam. Uşaq olanda düşünürdüm ki, axı bizi nəyə görə bəyənmir. Anamdan çox şey öyrənmişəm. Hamı anamla məsləhətləşir, ona hörmət edir. Buna görə də onunla fəxr edirəm. Anamdan insan haqqı yeməməyi, ədaləti və ədalət uğrunda savaşmağı, ən əsası da insan olmağı öyrənmişəm.

Səni sarsıdan və sevindirən hadisə nə olub, yadında qalanı var? 

Sarsıdan hadisə - 2017-ci ildə evimizin yanmasıdı. Hamımız yuxuda idik. Oyandıqda hər yerin yandığını, bircə qardaşımla mənim sağ qaldığımızı düşündük. Çox qorxmuşdum və hər yadıma düşəndə təkrar o günlərə qayıdıram. Sevindirici hadisə isə...Kiçik sevinclərim olub. Amma güclü təsir edən hadisə xatırlamıram.

Ən böyük arzun nədi?

Ən böyük arzularımdan biri Ağdamı bircə dəfə də olsa görməkdi. Bunu anam və nənəm üçün daha çox istəyirəm. Amma özüm üçün ən böyük arzum Tibb Universitetinə qəbul olmaqdı. İndi insanlığını çox az adam qoruya bilir. Özümə hər zaman mərhəmətli qalmağı arzu edirəm. Anam da həmişə bizə deyir ki, içinizdəki uşağı öldürməyin. Həmişə uşaq kimi saf qalmaq istəyirəm. 

 
Necə kitabları oxumağı sevirsən? Bəyəndiyin kitab varmı?

Daha çox şeir və macəra kitablarını oxumağı xoşlayıram. Sevdiyim kitab Den Braunun "Yalan nöqtəsi”dir. Kitabda deyilir ki, Nasaya üzərində böcək şəkli olan bir daş gətirilir. Nasaya bildirilir ki, bu daş Marsdan gəlib və orada da yaşayış var. Nasa bu məsələni araşdırmağa başlayır. Ən güclü tədqiqatçılar işə cəlb olunur. Mən də kitabı bitirənə qədər düşünürdüm ki, yerdən başqa planetdə də yaşayış var. Amma sonda məlum olur ki, bu, Nasaya inamın itirilməsi üçün hazırlanmış bir oyun imiş.
Qızlara nə demək istərdin?

Qızlar oxusunlar. Həyatda ən vacib şey öz ayaqların üzərində durmağı bacarmaqdır. "Ailə quracam, kimsə məni saxlayacaq” düşüncəsi ilə yaşamasınlar.

Gələcəkdə necə bir dünyada yaşamaq istəyirsən?

İnsanların bir-birini incitmədiyi, müharibəsiz və sevgi dolu bir dünyada. Eyni zamanda azad düşüncəli və yaradıcı insanların əhatəsində yaşamaq istəyirəm.
Hazırladı: Xumar Hüseynova
Qadinkimi.com