BİLİM / DİN, QADIN / KİŞİ
Qadın ağlına milli baxışımızın islami kökləri – Alov İNANNA III Yazı Tarix : 05 Fevral 2019, 23:21
Yazar : Alov İnanna
Mentalitet və din

Ağıl, zəka, rasionallıq, bilik, müdriklik... Çoxdandır maskulin çalarlar qazanmış bu anlayışlara, qədim mifik-dini görüşlər istisna olmaqla, hardan baxsan "saqqallı, bığlı” görünəcək.

"Ağıl ağıldan üstün olar” atalar sözündə (patriarxallığın düşüncəmizdəki püskürtülərindən biri də "atalar sözü” ifadəsidir) qadın ağlı hesaba qatılmır, "atalar”ımıza görə qadın ağlının boyu – "gödək”; yeri – arvadın "topuğu”; məzmunu – "şeytanvari”dir, arvada qulaq asan kişi, onun dediklərinin tərsini eləməsə, gülünc günə düşəcək:

Arvadın ağlı topuğunda olar.
Arvadın saçı uzun olar, ağlı gödək.
Arvada qulaq asan şeytana qulaq asar.
Arvada qulaq as, tərsinə elə.
Arvad şeytana papış tikər.
Arvad şeytana papışı tərs geyindirər.
Arvad ağlıynan oturub-durur.
Arvadsan, get bozbaşını bişir, arvad ağlıynan kişi işlərinə boş başını qoşma və s.

Belə "atalar” sözləri və deyimlər təkcə bir cəmiyyətin qadına, onu zəkasına  təhqiramiz yanaşmasını göstərmir, həm də bu yanaşmanı formalaşdırır, yaradır, söz olmaqdan çıxardıb onu canlandırır, qadına qarşı söyüş və təhqirlərin qida mənbəyinə çevrilir, qadının ailədə, sosial həyatda səsini eşidilməz və sayılmaz edir.
 
 

Ancaq xalqımızın islamdan öncəki kulturası haqqında azca biliyi olan kəs, belə antiqadın deyim və atalar sözlərinin məhz islamın təsiri və diqtəsi ilə yarandığını təsdiq edə bilər. Yuxarıdakı "atalar” sözləri və deyimlər, Quran da daxil olmaqla islam ədəbiyyatında qadın ağlının əksikliyini və şeytanvariliyini isbat etməyə çalışan yüzlərlə fikrin ümumiləşdirmələridir.

"Cəhənnəmliklərin çoxu qadın olacaq”

Səhih sayılan hədislərdən birində deyilir ki, dini bayramların birində Məhəmməd peyğəmbər bayram namazı qılmaq üçün namazgaha gəlir. Qadınlar da bir tərəfdə oturublarmış. Peyğəmbər üzünü qadınlara tutaraq deyir: "Ey qadınlar, çoxlu sədəqə verin, çünki mənə cəhənnəmliklər göstərildi, əksəriyyəti sizlər idiniz.” 

Qadınlar bunun səbəbini soruşanda peyğəmbərin cavabı belə olur: "Çünki siz ona-buna çoxlu lənət oxuyursunuz, ərlərinizə qarşı nankorluq eləyirsiniz. Qəribədir ki, öz ağlına hakim olan və dininə bağlı yaşayan kişilərin ağlını başından çıxardan, siz əksik ağıllı və əksik dinlilər kimi, başqa heç bir kimsə görmədim.”

Qadınlar bu dəfə peyğəmbərdən soruşurlar ki, ağlımızın və dinimizin nöqsanı, əksikliyi nədədir?

Peyğəmbər soruşur: "İki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyildirmi?”

Qadınlar "bəli” dedilər.

Peyğəmbər deyir: "Bax bu ağıl əksikliyindəndir. Aybaşı vaxtında da namaz qılmırsınız, oruc tutmursunuz, elə deyilmi? ”

Yenə də qadınlar "bəli” dedilər. (Sahihi Buhari Muhtasari Tecrid-i Sarih, 1970, I, 222, Hədis nöm. 209.)

(Burada çox yer tutmasın deyə yalnız Buxaridən qaynaq verdim. Müslim, Nəsai, Muvatta kimi islam hədis ədəbiyyatının səhih nümayəndələrinin əsərlərində də bu hədis var.)

Gəlin, bu hədisdən qadınlar üçün çıxarılan nəticələrə baxaq:

1-Cİ NƏTİCƏ: Cəhənnəm sakinlərinin çoxunun qadınlardan ibarət olması.

"Cənnət anaların ayağı altındadır” kəlamını əzbərləyib, islamı az qala feminist bir din kimi sırıyanlar, bəs görəsən, "cəhənnəm sakinlərinin əksəriyyətinin qadınlardan olması”yla bağlı səhih hədisi niyə görməzliyə vururlar? (Ümumiyyətlə, bu dinin müddəaları bu cür qütb səviyyəli ziddiyyətlərlə doludur.) Biri sizə həm "sən ən yaxşı adamsan”, həm də "sən ən murdar adamsan” desə, nə düşünərdiniz? "Sən ən murdar adamsan”ı eşitməzliyə vurub, "sən ən yaxşı adamsan”a inanardınızmı?!
 
İndi qadın haqqında deyilən hansı hədisi həqiqət kimi qəbul edək, anaların ayağının altında cənnət olmasını, yoxsa cəhənnəm sakinlərinin əksəriyyətinin qadınlardan olmasını?

2-Cİ NƏTİCƏ: Cəhənnəmdən qurtulmaq üçün qadınların sədəqə vermələri gərəkliyi.

Hədisə görə qadınlar qabaqlayıcı tədbir kimi çoxlu sədəqə verməlidirlər, bəlkə onda cəhənnəmə düşməyələr. Bu şəkildə sədəqə verib cənnəti satın almanın rüşvətdən başqa adı yoxdur.

Maddi vasitələrlə ruhani savab qazanmaq cəhdi, indulgensiya adıyla (pulla əldə edilən cənnət qəbzləri) Avropada da olub. Ancaq avropalılar hələ Orta Əsrlər sona çatmamış bu saxta dini əməldən əl çəkdi.

Rüşvəti qoyaq bir qırağa, qadınlar axı niyə cəhənnəmlikdirlər?

3-CÜ NƏTİCƏ: Qadınların cəhənnəmlik olmalarıın birinci səbəbi kimlərəsə lənət oxumalarıdır.
 


Qarğış və lənətə (həmçinin alqışa da) şamanizmin qalıqları kimi dünyanın demək olar ki, bütün kulturalarında rast gəlinir. (Ərəb sözü olan "lənət” dilimizdə "nəhlət” kimi səslənir). Bir insan nə zaman lənətə, ya da qarğışa əl atır? Lənət və qarğış – haqsızlığa uğramış, acıqlı, əlacsız, sınmış, nifrət dolu birisinin reaksiyasıdır, sözlə cəzalandırma üsuludur. Qarğış və lənətin mövcudluğu həm də qanunların ya antiinsani, ya da iflic vəziyyətə olmasıyla bağlıdır. Vəziyyətin düzəlməyəcəyini görən, əli yerdən-göydən üzülmüş birisi, qarğış və ya lənət deməklə onu bu hala salandan mənəvi qisas alır.
 


Psixoloqlar mənəvi rahatlanma üsulu kimi qarğışın, lənətin terapevtik rol oynadığını deyirlər. Burada söhbət ədalətsizliklə üz-üzə qalmış, əli-qolu bağlanmış, aktiv fəaliyyəti məhdudlaşdırılmışların vəziyyətindən gedir. Söyüş söyən adamdan (kişidən) fərqli olaraq lənət və qarğışı edən adam (qadın) passivdir, yəni, o, özü birbaşa bu əməldə iştirak etmir, fövqəltəbii qüvvələri köməyə çağıraraq neqativ arzularını ifadə edir: lənətlik və qarğışlıq olmuş birisi, cəzalandırılması üçün hansısa fövqəltəbii qüvvəyə tapşırılır. Bunu belə qadına çox görürlər! Onu lənət və qarğış yağdıracaq həddə çatdırıb, əvəzində heç olmasa sözlə reaksiya verməsini belə qəbul etməyən kişi mentalileti bununla belə demiş olur: "Sənə nə eləsəm döz, lənət də oxuma, qarğış da eləmə, çatla öl. Öləndən sonra bəlkə cənnətə düşdün.”
 


4-CÜ NƏTİCƏ: Qadınların cəhənnəmlik olma səbəblərindən ikincisi: "ərlərinə qarşı nankorluq etmələri.”

Nankorluq etmək – birinin etdiyi yaxşılıqları danmaq, pisə yozmaq, onu heçə saymaq, ya da həmin yaxşılıqları az hesab etməkdir.

Gəlin, islamda kişinin qadın üzərində haqlarına baxaq.

Bəri başdan, bu dinin müqəddəs kitabında kişinin qadından üstün olduğu yazılıb. (Əl-Bəqərə, 228).

Kişinin arvadı üçün dediyi hər söz, yerinə yetirilməsi gərəkən hökmdür,  arvaddan ərinə qulaq asmaq və itaət tələb edilir, əks halda ərin onu yataqda "iqnor” eləmə haqqı var (Ən-Nisa, 34), yenə də itaət eləməsə onu döymək haqqı var (Ən-Nisa, 34), evdəki arvadının üstünə "xoşu gələn qadınlardan üçünü, dördünü almaq” haqqı var (Ən-Nisa, 3), ürəyi istədiyi zaman (məsələn, qocalanda) onu boşamaq haqqı var, boşayanda da uşaqları anaya verməyib özündə saxlamaq haqqı var, cənnətə düşəndə saysız-hesabsız huriyə yiyələnmək haqqı var və s. Amma bütün bunların müqabilində qadınlardan, günü-bacılarıyla baş-başa verib "allahın evdəki nümayəndəsi”nə qul kimi sözsüz itaət və cani-könüldən təşəkkür etmələri tələb olunur. İşdir, qadınlar "çaşıb” ərlərinin bu qədər "elədiklərinin” qarşısında "nankor” olsalar, o zaman o biri dünyada cəhənnəmə vasil olacaqlar. Bəs ümumiyyətlə cəhənnəmə düşəni nə gözləyir? Quranda cəhənnəm təsvirlərindən bəlli olur ki, ora düşənlər əbədi odda yanacaqlar, dəriləri odda bişəcək, sonra yenilənib bir də yanmağa başlayacaq (Ən-Nisa, 56). Dəmir qamçılarla qamçılanacaqlar (Əl-Həcc, 21). Qatrandan köynək geyəcəklər, üzləri odla örtüləcək (İbrahim, 50). Oddan onlara paltar biçiləcək, başlarına qaynar su töküləcək (Əl-Həcc, 19). İrinli zəqqum və quru tikan yeyəcəklər (Əl-Vaqiə, 52-53), (Əl-Haqqə, 36). Qaynar və irinli su içəcəklər (Ən-Nəbə, 24-25). O qədər əzab çəkəcəklər ki, ölüm istəyəcəklər, ancaq daim əzab çəksinlər deyə ölə də bilməyəcəklər (Əz-Zuxruf, 77).

Əgər kişilər yalnız allaha itaət etməlidirlərsə, allahın quludurlarsa, qadınlar həm allaha, həm də ərlərinə itaət etməli, ərlərinə hərfi mənada "qul-luq”, hətta səcdə  etməlidirlər. Hədislərdən birində deyilir ki, allahdan başqasına səcdə etmək caiz olsaydı, arvadların ərlərinə səcdə etmələri əmr edilərdi. (Gazali, Kimyayi-Saadet, Merve Basım Yayın LTD, ŞTİ s. 202) Həm də təkcə səcdə və itaət etməməli, əlavə olaraq ərinə qarşı "nankor” olmamalı, yəni əri ona nə zülm eləsə qarğış etməməli, hər zaman ağzı şükür dolu, məmnun görkəmli, başıaşağı, Əyyub dözümlü, bir sözlə, ər kölgəsini allah kölgəsi sayan varlıq olmalıdırlar.

5-Cİ NƏTİCƏ: Qadınların əksik ağılları ilə "ağlına hakim, dininə bağlı”  kişiləri yoldan çıxarmaları.

Burada qadın ağlının həm kəmiyyəti (əksik olması), həm də keyfiyyəti (yoldan çıxarıcı, şeytani olması) müəyyənləşdirilmişdir. Hədisdə kişilər qadınlarla müqayisədə mükəmməl, məsum, öz ağıllarına sahib olan, dinlərinə sədaqətli varlıq kimi təqdim edilir. Bir deyən gərək, bu nə cür "ağlına hakimlikdir”, bir "kəmağıl” varlıq həmin ağlı "başdan” çıxarda bilir? Bu necə "dininə bağlılıqdır” ki, "dini əksik” varlıq həmin "bağı” qoparda bilir? Cavab o biri hədislərdədir: "Başdan çıxartma” və "dindən uzaqlaşdırma” şeytan əməlidir və bu mənada qadın şeytanın şəklini dəyişmiş halıdır. Qadının şeytanvari varlıq kimi təqdimatı feminizmin meydana gəlişindən əvvəlki islam ədəbiyyatında o qədər yayılıb ki, az qala qadından söz düşən hər yerdə mütləq bir şeytan sözünə rast gələcəksiniz. Qurandakı bəzi ayələrdə və eləcə də hədislərdə peyğəmbərin dediyi bir-iki örnəyə baxaq:

"...Allahım, zindan qadınların məni dəvət etdikləri şeylərdən daha yaxşıdır. Onların tələlərini məndən uzaq elə; əgər sən onların tələlərini məndən uzaqlaşdırmasan, onlara meyl edərəm və cahillərdən biri olaram.” (Yusif, 33)

"...Siz qadınların məkri böyükdür...” (Yusif, 28)

"Qadın şeytan surətində gələr, şeytan surətində gedər...” (Ahmed b. Hanbel, Müsned, Mısır trs., III/330; Krş, Muslim, Nigah, 9; Əbu Davud, Nigah, 43; Tirmizi, Rada, 9).

"Qadınlar arasında fəzilətli qadın yüz dənə qara qarğa arasında ağ qarğa kimidir.” (İbn Hanbel 4/197, 205).

"Məndən sonra kişilər üçün qadınlardan daha zərərli fitnə və fəsad  buraxmadım.” (Sahih-i Buhari Tecrid, II, 267, Hədis nöm. 1795).

"...Dünyadan və qadınlardan qorunun, çünki Bəni-İsraildə ilk fitnə qadın  üzündən çıxdı.” (Riyazüs Salihin Tercemesi, Diyanet İşleri Bakanlığı Yayınları, Ankara, 4-cü baskı, I, 105).

6-CI NƏTİCƏ: Ağıldan kəm olduqlarına görə iki qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər olması.

Bu ayəni əsaslandrmaq üçün islam alimlərinin gətirdiyi əsaslar son dərəcə  elmdən uzaq, gülünc və təhqiramizdir. Sadəcə son elmi araşdırmalardan bəzilərini misal göstərməklə yüz illərin nağıllarına son qoymaq olar: Gen mühəndislərinin tapdıqları iki zəka genindən biri İGF2R kodlu gendir (Bu gen 1998-ci ildə M.Chorney, R.Plomin tərəfindən tapılmışdır). İkinci gen 23-cü xromosom cütü olan və cinsiyyəti müəyyən edən X xromosomunda tapılmışdır. (Bu gen də Ulm Universiteti, Dr. H.Hameisterin kəşfidir). Bəllidir ki, insan 23 cüt kişi və qadın xromosomlarından meydana gəlir. İlk 22 xromosom cütü "homoloq”dur, yəni bir-birinə bənzəyən X və Y xromosomlarından olur. Lakin 23-cü cüt fərdin cinsiyyətini müəyyənləşdirir: Əgər iki X (yəni XX) varsa fərd qadın cinsinə, yox əgər, bir X və bir Y (yəni XY) varsa fərd kişi cinsinə mənsub olur. Zəka genlərini məhz X xromosomları daşıyır. Qadın (XX) həm anasının, həm də atasının, yəni ikiqat zəka genlərinə sahib olduğu halda, kişi (XY) ancaq anasının zəka genlərinə sahib ola bilər. Bir kişinin zəkalı olmasının səbəbi onun anasından aldığı X xromosomudur. Bu o deməkdir, hər zəkalı kişi öz zəkasına görə anasına borcludur! Üstəlik, qadınlarda iki X xromosomu var!
İQ araşdırmalarıyla tanınan professor James R. Flynn də son araşdırmalarında qadınların kişilərdən zəka baxımından irəli olduğunu ortaya çıxartdı. IQ, yəni zəka səviyyəsinə görə dünyada ilk yerin sahibi hazırda 72 yaşlı amerikalı bir qadındır: Marilyn vos Savant. Müqayisə üçün deyim, Einstein'in IQ-sü 190 idisə, bu qadında IQ 228-dir.
 
 



7-Cİ NƏTİCƏ: Qadınların din əksikliyinin səbəbi kimi onların aybaşı olmaları  və belə vaxtlarda murdar sayılmaları

Matriarxal dövrlərdə aybaşılı və zahı qadınların bərəkət gətirəcəyi inamı vardı, belə qadınların xüsusi gücə malik olduğu qəbul edilirdi. Dünyanın ən qədim mərasimlər və festivalları həm də aybaşılı qadınlarla bağlı keçirilib. C. Tomson isə yazır ki, şimali Amerikada əkin sahələrinə qurd daraşanda aybaşı dövründə olan qadınlar tarlada çılpaq şəkildə gəzişərmişlər. Hesab edilirmiş ki, hamilə və aybaşılı qadınların tarlada gəzmələri əkinə zərərli həşəratları yox etmək gücünə malikdir və belə qadınlar doğmaq, yaratmaq güclərini əkinlərə ötürə bilirlər. 

M.İ.Cığın da bu haqda qeydləri var: " "Torpağa qan düşsə can olur” atalar sözü, torpaqla qanın birləşərək can olmasını anlatmırmı? Ayrıca Anadoluda qızların ilk aybaşısı olduqları qanın can gəlsin deyə torpağa axıdılması da bilinməkdədir.” 

Fallusun kultlaşdırılmasından sonra, ilahi gücə malik olduğu düşünülən aybaşılı qadınların murdar sayılmağıyla bağlı baxışlar ortaya çıxarıldı. Ərəblərdə bu tipli fikirlərə ən gözəl örnək, Məkkədəki məşhur Kəbə daşı Həcərül-əsvədin (qara daş deməkdir) rənginin qaralması ilə bağlı rəvayətdir. Guya ilk vaxtlar ağappaq olan daş, aybaşılı qadınların ona toxunmasından sonra qəzəbdən qaralmışdır.

Bəs qadınlarda din əksikliyinə səbəb olan aybaşı olmasa nə olardı?

Bəllidir ki, qadın yumurtalıqlarında insan olma şansı daşıyan yumurtalar, bir aydan bir qadın hamilə qalmazsa, yetişib sıradan çıxır, belə vaxtlarda qadınlar hamının bilidyi vəziyyətdə olurlar. Qadın yumurtalıqlarında yumurta olmaq,  dünyaya gəlmiş hər insanın keçmiş halıdır. Qadının insan nəslini davam etdirmək üçün proqramlaşdırılan fizionomiyasında aybaşı olmaq kimi günahsız hal, bir cins kimi ona xas olan xüsusiyyət niyə murdar sayılmalıdır? Sonra da dini məntiqlə az namaz qıldığına və oruc tutduğuna görə (hədisdə deyildiyi kimi) əbədi olaraq cəhənnəm odlarında yanmalıdır? Ədalətə bax!

8-Cİ NƏTİCƏ: Aybaşılı murdar qadının namaz qılmasının, oruc tutmasının, müqəddəs kitaba əl vurmasının, məscidə getməsinin məkruh sayılması.
Bu nəticənin izahını yuxarıda yazmışam. Sadəcə əlavəm budur ki, islamdan əvvəlki təkallahlı dinlərin, aybaşılı qadınları dini rituallardan və kitablardan uzaq tutmasını islam dini də davam etdirir.
 


Nəhayət: Yuxarıda qadın ağlına həsr edilmiş atalar sözlərimizin və deyimlərimizin köklərinin islam qaynaqlarından törəndiyinin şahidi olduq. İslam mütəsəffüvü Qəzzali də qadın ağlına yuxarıdan aşağı baxmasını peyğəmbərin hədislərinə söykənərək yazır: "Qadınlarla danışmaq lazımdır, ancaq onların dediklərini tərsinə eləmək şərtdir.” (Gazali, Kimyayı-Saadet, Merve Basım Yayın LTD, ŞTİ  s.198) Yaxud, "Qadının sözüylə hərəkət edənlər üçün yer üzünün altı üstündən daha yaxşıdır”.

Böyük Səlcuqlu vəziri Nizam-ül Mülk "Siyasətnamə” əsərində Səlcuq sultanlarından Məlik Şahın xanımı Türkan xatunun hakimiyyətdəki nüfuzunu  sındırmaq üçün yazır: ”Hökmdarların itaətində olan birilərinin hakimiyyəti idarə etmələri dinə uyğun deyil... Bu qayda xüsusilə qadınlara tətbiq edilməlidir, ona görə ki, onlar çarşaf geyinən, ağıl baxımından inkişaf etməmiş kimsələrdir.” (The Book of Goverment, of Rules for Kings: The Siyasetname or Siyar al-Mulk Translated by Hubert Darke, London, 1960, s. 188).

Nizam-ül Mülk daha sonra islam peyğəmbərinə söykənərək deyir ki, qadınlar ağıl və din baxımından aşağı varlıqlardır; qadınlarla danışın, ancaq onların dediklərinin əksini eləyin, çünki doğru olanı budur.

Son yüz ildə aktivləşən feminist dünyagörüşün təsiri və təzyiqiylə modern görünməyə çalışan bəzi islam alimləri qadın məsələsində xeyli bəzək-düzəkli, hətta qondarma reinterpretasiyalar edirlər. Amma islamda qadına münasibətin əsli və təbiisi bu mütəfəkkurlərin – Buxari, Müslim, Nəsai, Muvatta, İbn Hişam, İbn İshaq, İbn Xəldun, Qəzzali, Təbəri, İbn Hazm, İbn Hanbel və başqalarının əsərlərindədir.

ƏN SONDA: Kiçik həcmli bir animasiya filmi var. Olduqca kifir, detallarıyla desək, uzun çənəli, əyri dişli, donqar burunlu, şişkin və çəp gözlü bir qadın, bütün bu problemlərini kosmetik əməliyyatlar və makiyajla aradan qaldırıb ərə gedir. Dünyaya gətirdiyi uşaq, anasının əməliyyatdan əvvəlki cizgilərini özündə daşıyır və görənləri təəccübləndirir. İndi bu gün islam həmin qadının günündədir. Nə qədər kosmetik-estetik-plastik əməliyyatlarla gözəl görünməyə çalışsa da, dünyaya gətirdiyi qorxunc balalar onun əsl simasını ifşa edir.