YAZI / DÜŞÜNCƏ, UŞAQ / BÖYÜK
İnsanın ana vətəni onun uşaqlığıdır Tarix : 05 Mart 2021, 08:02
Məktəb illərində hamımıza "Haradan başlanır vətən?" mövzusunda inşa yazdırıblar. Kiminçünsə vətən yaşadığı evdən, kiminçünsə doğulduğu kənddən, şəhərdən, kiminçünsə səngərdən, sərhəddən başlayırdı. Kim vətənə sevgisini, bu başlanğıcı daha gözəl ifadə edirdisə, o, daha qabiliyyətli, savadlı, istedadlı hesab edilirdi. Məni qınamayın, bizə aşılanan vətən sevgisi də, ana sevgisi də, müəllim sevgisi də pafoslu, böyük-böyük sözlərdən ibarət olub. Məsələn, ən gözəl cümlələri yazmağa çalışan bizlər gələcəkdə nə vətənə, nə anamıza, nə müəllimimizə, ən başlıcası, özümüzə yararlı olmaya bilərdik və ya yararlı deyilik. Çünki bizi aldadıblar, adam yerinə qoymayıblar...
 

Bir türk proqramına baxmışdım. Türk psixoloq Doğan Cüceloğlu özünə inam, güvən hissindən danışırdı və dönə-dönə bu hissin uşaqlıqdan formalaşdığını deyirdi. Ən başlıcası, bütün bunları o qədər gözəl, içdən, səmimi, şəxsi təcrübələri əsasında izah edirdi ki... Bizim efirlərdə olduğu kimi, bir qalstuklu kişi çıxıb demirdi ki, mən belə gözəl ailədə böyümüşəm, atam bizi filan yerlərə aparıb, anam ən gözəl yeməkləri bişirib, məktəbdə birinci olmuşam, Azərbaycanda bütün ailələr idealdır, bütün dünyada uşaqlar məhz belə tərbiyə olunmalıdır, biz nümunəviyik...
On yaşında anasını itirən Doğan Cüceloğlu deyir ki, normal bir türk ailəsi olaraq atamla elə də yaxın münasibətlərim yox idi, ondan çəkinirdim. Amma anamı itirəndən sonra atama bağlanmağa, hər gün onun ölməməsi üçün dua etməyə başladım. Atanın isə oğlunun hər hərəkətinə qəzəblənməsi, acılaması onu incidir və özünü dəyərsiz, bu dünyada artıq hiss etməyə başlayır. Yemək yeyəndə belə "birdən çox yeyərəm, atam hirslənər" deyə düşünərmiş. Nəticədə, o, özünə qapalı, mağmın bir uşağa çevrilir. Deyir, fikirlərimi açıb demirdim, bir qıza aşiq olanda bildirmirdim, "mən kiməm ki?" deyə düşünərdim. Ta ki ədəbiyyat müəlliminin ona təsirinə qədər, ürəyi ilə müəllimlik edən bir şəxsin...
Müəllimi ona hər şeyi bacara biləcəyini, öhdəsindən gələcəyini öyrədir. Elm adamı olmağa yönləndirir, ola biləcəyinə inandırır. Doğan hoca deyir, ona qədər gözümün içinə baxıb danışan olmamışdı, ailədə ən axırıncı uşaq olduğumdan həmişə məni ötüşdürmüşdülər. İlk dəfə mənə inandılar, məni ADAM YERİNƏ QOYDULAR. Və əlavə edir ki, bir ailə övladını adam yerinə qoymursa, o ailədən adam çıxmaz. Cəmiyyətdə bu cür ailələr çox olarsa, o toplumda adam yetişdirmək çox çətindir.
Bizim cəmiyyətdə də uşaqları çox sevirlər, əzizləyirlər, başını sığallayırlar, əynini qalın edirlər, yaxşı yedirdib-içirdirlər, yaxşı geyindirirlər, amma adam yerinə qoymurlar. Uşağın fikri həmişə ikinci, axırıncı olur, lazımsız olur.
Psixoloqun dediyinə görə də, özünə güvənməyən insanlar ya özünə qapanıq, çox sakit, ya da aqressiv, əsəbi olurlar, hər şeydən şikayətlənirlər, heç nəyi bəyənmirlər. Xoşbəxt ola bilmirlər. Bu insanlar varlıqlarından narazı olurlar, "kaş ki, doğulmazdım", "kaş qız olmazdım", "kaş oğlan olmazdım" deyə düşünürlər. Cəmiyyət belə insanların fərqinə varmır heç vaxt. Etirazlarını belə bildirə bilmirlər. Bütün bunlar - içinə qapanıq və üsyankar, sərt olmaq özünə güvənməməyin təzahürüdür. Bizdə belələri azdırmı? Çünki azərbaycanlı ailələrində uşağı şəxsiyyət olaraq görə bilmirlər, onu dinləyə bilmirlər. Onun, əslində, nə istədiyi valideynlər üçün maraqlı olmur, çox hallarda isə bundan, ümumiyyətlə, xəbərdar olmurlar. Məktəbdə də eynilə...
Uşaqlar üçün ana-ata ilə söhbətləşmək, dərdləşmək ən böyük təskinlikdir, ən böyük ürək-dirəkdir.
Əziz valideynlər, uşağın dalınca qaçıb onun ağzına nəsə dürtüşdürmək, altdan-üstdən qıfıllamaq, cibinə xərclik basmaqla olmur bu işlər. Uşaqların dinlənilməyə, gözünün içinə baxılmağa, güvənilməyə ehtiyacı var. Onlar daxili dünyalarındakı rəngləri bizimlə paylaşmaq istəyirlər. Səslərini çıxaranda başlarından vurmayaq. Onları dinləyək, dinləyək onları. Çünki Çingiz Aytmatovun dediyi və Doğan Hocanın da xüsusilə vurğuladığı kimi, insanın ana vətəni onun uşaqlığıdır. Uşaqlarınızı vətənsiz qoymayın!
 
 
 

Sevinc Fədai
 
qadinkimi.com