FEMİNİZM
Feminizmin məşhur simaları Tarix : 20 İyul 2020, 12:19


Feminizm ABŞ-da 1830-cu illərdə ictimai hərəkatlar dalğasında yaranmışdı və qadınların səsvermə hüququ uğrunda mübarizəsi qismində davam etmişdi. Bu təsadüfi deyil. Feminizmin ən məşhur simalarının məhz amerikalı qadınlar olub.

Erkən amerikan feminizminin ən məşhur simalarından biri keçmiş kölə, 1850, 1860 və 1870-ci illərdə qadınların hüquqları uğrunda mübarizə aparmış Soconer Trut olub. Onun fikirləri qadınların zəif və köməksiz olduqları barədə təsəvvürlərin doğru olmadığını anlamaq baxımından önəmlidir. Bu yanlış təsəvvürlər işləyən və ya köləlikdə olan, qaradərili qadınlarla bağlı stereotiplərin bir hissəsi idi. S.Trutun stereotiplərin dağıdılması lehinə gətirdiyi arqumentlərə əsasən, qadınlar və kişilər fərqli sferalarda yaşayırlar: kişilər işləyirlər, qadınlarsa yalnız uşaqları tərbiyə edirlər.

Digər önəmli amerikalı fəal jurnalist, linçləmə əleyhinə kampaniyaların iştirakçısı İda Uells-Barnett idi. O, bütün dünyanı gəzir və seksual təcavüzün Amerikanın cənubundakı seqreqasiya və rasizmlə bağlı olduğunu deyirdi. Həmçinin iddia edirdi ki, ağdərili kişilərin həm köləlikdə olan, həm də azad edilmiş qaradərili qadınların bədənlərinə asanlıqla sahib olmaları bu sistemi dəstəkləyir. Ağdərililər həyata keçirdikləri linçləməyə bəraət olaraq, qaradərili kişilərin ağ qadınları zorlamasını səbəb göstərirdilər, Ancaq Uells-Barnett yazırdı ki, bu, qaradərili kişilərlə ağdərili qadınlar arasında konsensuslu münasibətlərin reallığıdır.

 

 Feminizmin tarixi və inkişafı

 


Jurnalist o qədər radikal fikirlər söyləyirdi ki, işlədiyi qəzetin ofisi hücumlara məruz qalır və Uells-Barnett cənubdan qaçır, dünya səyahətindən qayıdandan sonra isə Çikaqoda məskən salaraq fəhlələrin, sufrajistlərin hərəkatlarında iştirak etməyə başlayır.

XIX əsrdə amerikan ağ feminizminin daha iki tanınmış fiqurları vardı: Elizabet Kedi Stenton və Syüzen Entoni. Onlar uzun illər boyu qadınların səsvermə hüquqları uğrunda mübarizə aparıblar. Onların buraxdıqları «The Revolution» qəzeti yazırdı ki, Vətəndaş müharibəsindən sonra qadınlar diqqətlərini cinsi diskriminasiya probleminə yönəltməlidilər. Stenton və Entoni vətəndaş itaətsizliyi kampaniyaları təşkil edir və kampaniyalarda iştirak edən qadınlarla birlikdə seçkilər zamanı qeyri-qanuni səs verirdilər. Bu iki qadın 1860-1870-ci illərdə qanunların dəyişdirilməsində son dərəcə ciddi rol oynamışdılar.

XX əsrin əvvəllərindən isə britaniyalı sufrajistlər Emmelin, Silviya və Kristabel Pankherstin adlarını çəkmək olar. Onlar qadınlara səsvermə hüququnun verilməsinə nail olmaqdan ötrü həqiqətən vətəndaş itaətsizliyi yaratmışdılar və kral ailələrinin, parlament üzvlərinin faytonlarının önünə uzanırdılar.

Sözügedən dövrdə Avropada da radikal aktivistlər – Rusiyada Aleksandra Kollontay, Almaniyada Roza Lüksemburq fəaliyyət göstərirdilər. Bu qadınlar cinsi diskriminasiyanın fəhlə sinfinin sıxışdırılması ilə necə bağlı olduğunu anlamağa çalışıb və marksist feminizmin formalaşmasında vacib rol oynayıblar.

Bu dövrdə feminizmin mühüm simalarından biri də ABŞ-da yaşayan rus-yəhudi mühaciri Emma Qoldman idi. I Dünya Müharibəsindən sonra "qırmızı təhlükə”nin nəticəsi olaraq o, ABŞ-dan Rusiyaya deportasiya edilmiş, 1930-cu illərdə İspaniyada anarxist inqilabın ortasında qalmışdı. Milli elita mütəmadi olaraq onu gah bir, gah da digər ölkədən sürgün edirdi, çünki o, qadınların tam azad olması, doğuma nəzarət, homoseksuallığın qəbulu və qanunililəşdirilməsi uğrunda mübarizə aparırdı. Emma Qoldman deyirdi ki, gəncləri orduda xidmətə məcbur etmək – onların hüquqlarını pozmaq deməkdir. Həmçinin Qoldman müxtəlif ölkələrdə feminizmi əlaqələndirən vacib şəxslərdən biri idi.

1960-1970-ci illərdə fəaliyyət göstərmiş məşhur feministlərdən Nyu-Yorkda böyük təsir gücünə malik bir qrupun, «Sexual Politics» kitabını yazmış Keyt Milletin, jurnalist Betti Fridanın adlarını çəkmək olar.

Fridanın 1963-cü ildə nəşr etdirdiyi «The Feminine Mystique» kitabı orta təbəqəyə məxsus qadınların, niyə ana və həyat yoldaşı olanda özlərini tələyə düşmüş kimi hiss etdiklərini izah edən əhəmiyyətli bir kitabdır.

B.Fridan irqi və cinsi bərabərlik uğrunda mübarizə aparan vəkil Poli Mürreylə birlikdə işləyirdi. Onlar 1966-cı ildə Qadınlar üçün Milli Təşkilatı təsis edən qrupun üzvləri idilər. Mürrey həm də qadınları diskriminasiya edən qanunlar sistemi ilə bağlı istifadə olunan «Jane Crow» termininin müəllifidir. Sonralar "Vətəndaş hüquqları uğrunda hərəkatın bibliyası” adını almış Cim Krou qanunlarının analizinin müəllifi olmasına baxmayaraq, P.Mürrey hesab edirdi ki, Cim Krou – qaradərililərin seqreqasiyasında nə qədər təsirlidirsə, «Jane Crow» da qadın hüquqlarının məhdudlaşdırılmasında o qədər güclüdür.

ABŞ Ali Məhkəməsinin üzvü Rut Beyder Qinzburq da 1970-ci illərin əhəmiyyətli fiqurlarından biridir. Qanunların dəyişdirilməsi və onların qadınlar üçün daha ədalətli edilməsi prosesində iştirak edən Rut Ginzburq, "Qadın hüquqları” adlı Amerika Vətəndaş Hüquqları üzrə İttifaqın yaradıcısıdır və ABŞ-da qadınların hüquqlarının genişləndirilməsində son dərəcə əhəmiyyətli rol oynayıb. Ginzburq Ali Məhkəmənin icraatlarında iştirak edirdi və hazırda qadınların sahib olduqları hüquqların əksəriyyəti onun sayəsində təmin olunub.

Təbii ki, feminizm haqqında qlobal rakursdan düşünməli olsaq, çoxlu başqa məşhur aktivistləri də xatırlamaq mümkündür. Lakin feminist hərəkatları üçün vacib olan, digərləri arasında xüsusilə seçilən üç fuqur var. Birinci, keniyalı fəal, "Yaşıl kəmər” hərəkatının yaradıcı Vanqariya Maatai. Onun başlatdığı hərəkatda hazırda 50 mindən çox qadın iştirak edir. Onlar Saharadan cənubda yerləşən Afrika torpaqlarında ağac əkməklə məşğul olurlar (sözügedən ərazilərdə ağaclar müstəmləkəçilər tərəfindən kəsilmişdi). Vanqari, qadınların həm özlərini, həm də ailələrini saxlamağa imkan verən mühit yaratmağa kömək edirdi.

Evləri əcnəbi korporasiyalara icarəyə verilmiş yerli xalqların topraq hüquqları uğrunda mübarizəsinə görə qətlə yetirilmiş honduraslı Berta Kaseresi də unutmaq olmaz. Və nəhayət, Banqladeşdəki toxucular hərəkatının lideri Kalpone Akter… Onun, istehlakçıların, tələbələrin və zəhmətkeşlərin qlobal koalisiyasını yaratmaq uğrunda apardığı təbliğat işləri hazırda 200-dən çox korporasiyanın imzaladığı razılaşmasının qəbul edilməsinə təkan verib.

 
 
P.S. Yazı məşhur tarixçi Anneliz Orlekin araşdırmalarına əsaslanır.
 
qadinkimi.com